Qurban Qurbanov: Bu matçı unudub, Avroliqaya köklənməyimiz lazımdı
Azərbaycan çempionu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avsriya "Zalsburq"una qarşı keçirdikləri cavab oyunundan sonra fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:2 hesablı məğlubiyyətini belə şərh edib:
"Oyunumuzu matçdan öncə düşündüyümüz kimi qura bilmədik. Bütövlükdə, pis oynamadıq. Erkən əvəzetmələr, zədələr sözünü dedi. Rəşad Sadıqov da tam hazır deyildi. Yalnız 1-2 futbolçudan narazı qaldım".
"Bu oyun artıq geridə qaldı. Artıq bütün fikrimizi Avropa Liqasına yönəltməliyik. Bu turnirdəki rəqibimizi gözləyəcəyik. "Zalsburq"a isə ÇL-in qrup mərhələsinə düşmək yolunda uğurlar arzulayıram".
"Niyə belə bəxtimiz gətirmir? Futbolda belə hallar olur. Artıq beşinci mövsümdü avrokuboklarda oynayırıq. Bizdə oyun intizamı baxımından hər şey qaydasındadı. Bu dəfə bəxtimiz daha çox gətirmədi. İlk oyunda iki oyunçumuz qırmızı vərəqə aldı, cavab görüşündə iki futbolçumuz zədələndi. Bir qədər həyəcan da var idi, necə də olmasa, ÇL-də çıxış edirdik. Zədədən heç kim sığortalanmayıb. Oyunçularımız yeni mövsümə hazırlıq yolunda diqqətli olmalıdılar".
"Hakimliyi müzakirə etməyin mənası yoxdu. İlk qol zamanı İlqar Qurbanov zədəli idi və onu əvəzləməyimizə imkan vermədilər. Nəticədə də qol buraxdıq. Yeni transferlər barədə hələlik düşünmürük. Oyunçularımızın durumuna baxacağıq. Yekun qərarımızı Bakıda qəbul edəcəyik".
"Reynaldonun yoxluğuna gəlincə, komanda bir futbolçudan təşkil olunmayıb. Amma bu oyun Reynaldonun, Admir Telinin yoxluğunun hiss edildiyini göstərdi. Reynaldo çox yaxşı formada idi və o, bizə bu görüşdə kömək edə bilərdi. Bu gün hücumda çox dişsiz idik".
