Qurban Qurbanov: Səfər oyununda uduzmaq istəmirik
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Avstriya "Zalsburq"una qarşı keçirəcəkləri cavab matçı öncəsi jurnalistlərin suallarını cavablandırıb. Azerisport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı mətbuat konfransında öncə bunları söyləyib:
- Futboldan çox danışmaq istəmirəm. Rəqib yaxşı, güclü komandadı. Bu gün son məşqimizi edib, stadionla tanış olacağıq. Sabahkı oyun hamımız üçün maraqlı olacaq. Nəticə qazanmaq üçün yaxşı oyun sərgiləməyə çalışacağıq. "Zalsburq"a bizi yaxşı qarşıladığı üçün təşəkkürümüzü bildiririk. Bizi çox yaxşı, böyük hörmətlə qarşıladılar. Hər iki komandaya uğurlar arzulayıram.
- İlk oyunda qırmızı vərəqə alan Admir Teli ilə Reynaldonun əvəzində sabah Vüqar Nadirovla Rəşad Sadıqov oynayacaq?
- Vüqarın bunun üçün yaxşı şansı var. Amma Rəşadın oynayacağına hələ bundan sonra aydınlıq gələcək.
- Sizcə, rəqibi taktiki planda təəccübləndirə biləcəksiz?
- Fikrimcə, "Zalsburq" da bu oyuna çox ciddi hazırlaşıb. "Rid"lə son çempionat oyunlarında bir neçə oyunçularını qorudular. Təbii ki, matçın gedişində taktiki dəyişiklər olacaq.
- Qələbəyə oynayacaqsız, yoxsa hesabı qorumağa?
- Uduzmaq istəmirik.
- Bakıdakı oyunda güclü azarkeş dəstəyiniz var idi? "Zalsburq"un da evdə oxşar dəstək alacağını gözləyirsiz?
- Yəqin ki, azarkeş dəstəkləri olacaq. Bakıdakı oyunda möhtəşəm atmosfer vardı. İndi avstriyalıların Bakıda üzləşdiyi aqibəti biz də burada yaşaya bilərik. Amma azarkeş təzyiqi barədə düşünməyə dəyməz. Bu, futbolçularımıza mane ola bilər?
- Reynaldoyla Telinin yoxluğu oyununuza çox təsir edəcək?
- Əlbəttə. Çünki əsas heyətin iki üzvü olmayacaq. Amma heyətimizdə onları əvəz edə biləcək futbolçular var. Bunu faciəyə çevirmirik. Baxmayaraq ki, onları sabah meydanda görmək istərdim.
- "Zalsburq"un baş məşqçisi Adolf Hütter azerisport.az saytına açıqlamasında təzyiq hiss etdiklərini etiraf edib. Bəs sizdə bu baxımdan vəziyyət necədi?
- İdmanda belə şeylər olur. Mən də futbolçularımın bu təzyiqi hiss etmələrini istərdim. Əks halda onlarda arxayınlıq yarana bilər.
- "Zalsburq" ÇL-in qrup mərhələsində oynamağı çox istəyir. Onların bu arzusu sizinkindən çox deyil?
- Bu istək bizdə olmasaydı, meydana çıxmazdıq. Əlbəttə, favorit avstriyalılar hesab olunurlar. Amma biz də uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.
- Cəbhə bölgəsində həyatını itirən şəhidlərə görə "Qarabağ"ın oyununa, qazanacağı uğura xüsusi diqqət var. Bu, psixoloji baxımdan komandaya nə dərəcədə təsir göstərə bilər?
- Biz xeyli gəncimizi itirmişik. Xoş olmayan xəbərlərdi. Övladını itirmiş hər bir valideynə başsağlığı veririk. Baş verənlər komandamın üzvləri tərəfindən də diqqətdən kənarda qalmayıb.
- Azarkeşlər sosial şəbəkələrdə qol vuracaq futbolçularınızın sevincini əsgər salamı verməklə bayram etməsini arzulayır...
- Təkrar edirəm, son hadisələr bizim üçün də xüsusi önəm kəsb edir. Əgər bu barədə çox düşünsək, bu, oyunumuza təsir edə bilər. Bu, onsuz da bizim üçün bir zərbədi. Futbolçular üzərində əlavə təzyiq olmasını istəmirəm. Bizim tam olaraq, oyunumuza köklənməyimiz lazımdı. Allah eləsin ki, yaxşı nəticə qazanaq, bütün azarkeşlərimizi sevindirək.
