6 avqust 2014 00:06

Qarabağ, bu tarixi şansı qaçırma!

Bu gün UEFA Çempionlar Liqasında üçüncü təsnifat mərhələsinin cavab oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, Azərbaycanın qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi - son ölkə çempionu "Qarabağ" da növbəti sınağına çıxacaq.

Xatırladaq ki, Ağdam klubu bu turnirdə mübarizəyə ikinci təsnifat mərhələsindən başlayıb. Bölgə təmsilçisinin startdakı rəqibi Malta "Valletta"sıydı. "Qarabağ" bu rəqibini səfərdə 1:0, Bakıda isə 4:0 hesabı ilə üstələyərək, adını növbəti mərhələyə yazdırdı. Bu mərhələdə isə təmsilçimiz Avstriya "Zalsburq"u ilə çətin sınaq qarşısındadı. Paytaxt Zalsburqu təmsil edən bu komandanın mübarizəyə birbaşa üçüncü təsnifat mərhələsindən başlaması da rəqibin necə ciddi klub olmasından xəbər verir. Təmsilçimiz Bakıdakı oyunda 2:1 hesablı çətin qələbə qazansa da, cavab oyununda növbəti mərhələyə vəsiqəni təmin etmək daha çətin olacaq.

“Zalsburq” klubu 1933-cü ildə yaranıb. Əvvəllər “Avstriya Zalsburq” kimi tanınan klubun adı bir neçə dəfə dəyişdirilib. 1973-cü ildən etibarən bir neçə sponsor dəyişdirən klub həmin şirkətlərin adlarını da daşıyıb. 2005-ci ildə isə klub, demək olar ki, tamamilə dəyişdirilib. Həmin vaxt maliyyə problemləri ilə üzləşən klubun bütün səhmlərini “Red Bull” şirkəti satın alıb. Həmin vaxtdan sonra onun adı, rəngləri və loqosu dəyişdirilib. Bu dəyişiklikdən sonra əvvəllər formasında bənövşəyi və ağ rəngləri daşıyan komanda qırmızı və ağ rənglərdən yararlanmağa başlayıb. Hazırda Avstriya təmsilçisi “Red Bull Zalsburq Futbol Klubu” adlanır və ləqəbi “buğalar”dı. Komanda “Red Bull Arena” adlanan və 31 min 895 tamaşaçı tutumu olan stadionda oynayır. Amma UEFA klubların titul sponsorlarının adını daşımasının əleyhinə olduğundan, "Red Bull" adını tanımır və "Zalsburq" kimi qəbul edir.

“Zalsburq”un prezidenti yunanıstanlı Yorqos Esplandatkulosdu. Hazırda “qırmızı-ağlar”ı yerli mütəxəssis Adolf Hütter çalışdırır. "Qrodiq"in sabiq baş məşqçisi bu posta 2014-cü ildə gətirilib. O, Almaniyanın "Bayer" klubundan aldığı təklifə yox deyə bilməyən Rocer Şmidti əvəzləyib.

Eyniadlı şəhəri təmsil edən “Zalsburq” ölkənin ən güclü klublarındandı. “Qırmızı-ağlar” ölkənin ən yüksək liqası - Avstriya Bundesliqasında çıxış edir. Komanda 8 dəfə (1993/94, 1994/95, 1996/97, 2006/07, 2008/09, 2009/10, 2011/12, 2013/14) Bundesliqa çempionu olub. 6 dəfə gümüş medalla kifayətlənən bu komanda bir dəfə də bürünc medallara sahib çıxıb. Ümumilikdə 6 dəfə Avstriya Kubokunun finalına vəsiqə qazanan “buğalar” ancaq 2012 və 2014-cü illərədə qalib adını qazanıblar. Onlar həmçinin 3 dəfə də (1994, 1995, 1997) Avstriya Superkubokunun qalibi olublar.

10 komandanın mübarizə apardığı Avstriya Bundesliqasında ötən mövsümü çempion tamamlayan “Zalsburq” 36 oyunda 80 xal toplayıb və ən yaxın təqibçisi “Rapid”i 18 xal qabaqlayıb. Mövsümü 25 qalibiyyət, 5 heç-heçə, 6 məğlubiyyətlə başa vuran “buğalar” rəqib qapılarından 110 (!) top keçirib, 35 qol buraxıb. Komandanın ən yaxın təqibçisi “Rapid” isə mövsümü 62 xalla başa vurub. Çempion komandanın ən məhsuldar futbolçusu Conatan Soriano olub. İspaniyalı hücumçu 31 qolla 2013/14 mövsümünün bombardiri olub. Maraqlıdı ki, onun əsas izləyicisi elə öz komanda yoldaşı - Alandı - 26 qol. “Zalsburq”un avrokuboklarda da böyük təcrübəsi və uğurları var. Elə komandanın 1993/93 mövsümündə indi Avropa Liqası adlanan UEFA Kubokunda finalda oynamasını xatırlatmaq yetərlidi. Həmin mövsüm "Zalsburq" İtaliya "İnter"i ilə final oyunlarından məğlub (0:1, 0:1) ayrılıb.

Hazırda Avstriya çempionatında yeni mövsümün ilk üç turu artıq geridə qalıb. "Qarabağ"ın rəqibi keçirdiyi hər üç oyunda qələbə qazanıb. Bu oyunlarda 13 qol vuran zalsburqlular öz qapılarında cəmi 1 top görüblər. Komandanın bu mövsüm aldığı yeganə məğlubiyyət hələ ki, Bakıda "Qarabağ"a yenilgisidi - 1:2.

Göründüyü kimi, "Valletta"dan fərqli, "Qarabağ"ın budəfəki rəqibi kifayət qədər nəhəng klubdu. Bu üzdən də komandamızın "Zalsburq" səddini keçmək üçün daha böyük güc sərf etməsinə ehtiyac var. Qurban Qurbanovun yetirmələri maksimum diqqətli oynamaqla, ələ düşən qol fürsətlərinin hər birini dəyərləndirməklə sürpriz nəticəyə imza ata bilər. Cavab matçının səfərdə keçirilməsi avstriyalılara sərf edir. Bu üzdən komandamız ilk oyundakı qələbə hesabını qorumaq üçün bütün gücünü ortaya qoymalıdı. İlk oyunda qırmızı vərəqə alan Reynaldo və Admir Telinin yoxluğu özünü hiss etdirəcək. Amma ümid edək ki, Qurbanovun şans verəcəyi digər futbolçular onların yoxluğunu ön plana çıxarmayacaq.

Maraq üçün qeyd edək ki, Ağdam klubu bu mövsüm nəhayət qitə miqyaslı turnirlərdə qrup mərhələsinin iştirakçısı olmaq iddiasındadı. Vaxtilə "Neftçi"nin imza atdığı belə bir uğura Çempionlar Liqasında nail olmaq çətin olsa da, ən azı Avroliqanın qruplarına düşmək mümkündü. Bir neçə dəfə qrup mərhələsinin astanasında dayanan "Qarabağ"dan bu mövsüm gözləntilər çox yüksəkdi. "Valletta"dan sonra "Zalsburq"u da keçməsi, Ağdam klubuna çöx böyük imkanlar yaradacaq. Belə ki, təmsilçimiz buna nail olsa, ÇL-in pley-off mərhələsi ilə yanaşı, həm də Avroliqanın qrup mərhələsinə vəsiqəni təmin edəcək. Yəni ÇL-dəki növbəti oyunlarından məğlub da ayrılsa, Azərbaycan çempionu mübarizəni Avroliqada davam etdirmək şansı qazanacaq. Özü də "Qarabağ" avrokuboklarda belə bir uğur qazanan, yəni ÇL-in pley-off mərhələsinə qədər irəliləyən, Avroliqanın qrup mərhələsinə vəsiqəni bu turnirin təsnifat və pley-off mərhələsində oynamadan əldə edən ilk komandamız olacaq. Bu üzdən "Qarabağ" belə bir tarixi şansı əldən qaçırmamalıdı.
 
Sonda onu da bildirək ki, avrokuboklarda qazanılan istənilən uğur Azərbaycanın UEFA-dakı klub reytinqinə də təsirsiz ötüşmür. Belə ki, klublarımızın hər bir qələbəsi ölkəmizə 0,250, heç-heçə isə 0,125 reytinq xalı qazandırır. Hazırda Azərbaycan UEFA reytinqində 53 ölkə arasında 31-ci pillədədi və hesabında 10.750 reytinq xalı var. Bunun 1.875 xalı cari mövsümdə qazanılıb ("İnter" - 0.750, "Qarabağ" - 0.750, "Neftçi" - 0.375). "Qarabağ" özü 7.650 xalla klub sıralamasında Avropanın 191-ci komandasıdı. "Zalsburq" isə 32.910 reytinq xalı ilə 54-cüdü.
 
Çempionlar Liqası
Üçüncü təsnifat mərhələsi
(cavab oyunu)
6 avqust

23:30. Zalsburq - Qarabağ
Hakimlər: Robert Madden, Qraham Çambers, Alastair Mazer, Brian Kolvin (Şotlandiya). UEFA nümayəndəsi: Roy Katkart (Şimali İrlandiya).
Hakim-inspektor: Peter Fröydfeldt (İsveç).
Zalsburq. Red Bull Arena.
İlk oyun - 1:2.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.