"Neftçi Çixuranın məğlub edə bilməyəcəyi rəqib deyil"
Gürcüstanın "Çixura" klubunun yarımmüdafiəçisi Georgi Koripadze Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab matçı öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Bizi çox çətin oyun gözləyir. Ən fəal azarkeş qruplarımızdan da biri oyuna gəlməkdən imtina edib. Bu, bizim işimizi daha da ağırlaşdıran məqamlardandı. Onlar həmişə bizi fəal şəkildə dəstəkləyiblər. Bunu qiymətləndirməliyik. Xoşagəlməz hadisə baş verdi. Onlar öz əllərində vahid Gürcüstanın xəritəsini tutmuşdular. Hansı ki, müxtəlif dövrlərdə həmin ərazilərimizi itirmişik. Fikrimcə, onlar bunu sadəcə, vətənə olan sevgilərinə görə ediblər. Yanlış anlaşılma olub. Bu münaqişəni tezliklə unutmalıyıq. İnanırıq ki, fanatlarımız bu dəfə də bizi dəstəkləyəcəklər. Hər kəsi baş verənləri unutmağa və stadiona gəlməyə səsləyirəm. "Neftçi"nin prezidenti "Çixura"nın komanda olmadığını deyib? Hər şeyə cavab oyunu aydınlıq gətirəcək. "Neftçi" yaxşı komandadı. Amma "Çixura"nın məğlub edə bilməyəcəyi rəqib deyil. Məhz buna görə azarkeşlərimiz bizi dəstəkləməlidilər ki, birgə uğur qazanaq. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik. "Bursaspor"la oyunlardan heç də asan olmayacaq matça çıxacağıq. Fikrimcə, "Neftçi"yə qalib gələ bilərik".
