Reynaldo niyə milliləşdirilməlidi?
Son zamanlar Azərbaycan futbolu öz qızıl dövrünü yaşayır. Buna millimizin sonuncu dünya çempionatının seçmə mərhələsindəki oyunlarını, FİFA-nın reytinq cədvəlində inanılmaz yüksəlişini, "Neftçi"nin Avropa Liqasının qrup mərhələsində mübarizə aparmasını, "Qarabağ"ın Avropada adından söz etdirməsini, futzalda millimizin artıq Avropada ən güclü 4 komandadan biri olmasını misal göstərmək olar.
Qarşıdan 2016-cı il Avropa Çempionatının seçmə mərhələ oyunları gəlir. Sevindirici məqam artıq 3-cü yerə sahib çıxacaq millilərin də növbəti AÇ-yə qatılmaq şansının olmasıdı. Bu, Azərbaycan yığması üçün də bir şans hesab oluna bilər. Əvvəlki tsikllərlə müqayisədə bu dəfə daha yaxşı oyun sərgiləyə, inamlı çıxış edə bilsə, Berti Foqtslu yığmamızın sürpriz etməsi, tarixində ilk dəfə qitə birinciliyinin iştirakçısı olması mümkündü.
Amma bu yolda yığmamızın heyətinin də güclü futbolçulardan təşkil olunması vacibdi. Qarşıdakı oyunlarda millimizə kömək edə biləcək, gücümüzə güc qatacaq oyunçulardan biri də "Qarabağ"ın futbolçusu Reynaldodu.
Yığmamız ötən seçmə mərhələdə 9 yox, 12, bəlkə də 15 xal toplaya bilərdi. Amma futbolçularımız inanılmaz qol fürsətlərini qaçırdılar. Halbuki, həmin vaxt heyətdə Reynaldo kimi futbolçular olsaydı, daha böyük uğurlara nail olardıq. Bu futbolçu sadəcə, zəif komandalarla görüşlərdə güclü oyun göstərmir. O eyni zamanda "Ayntraxt", "Zalsburq", "Qefle" kimi komandalara qarşı da möhtəşəm oyun sərgiləyib və bu klublarla görüşlərdə vurduğu qolları ilə komandasına çox lazımlı bir futbolçu olduğunu sübut edib.
Berti Foqts bugünlərdə qeyd etdi ki, Reynaldo Azərbaycan vətəndaşı olsa, onu məmnuniyyətlə milliyə dəvət edərdi. Ən önəmli məqamlardan biri də odu ki, futbolçu müsahibələrində dəfələrlə Azərbaycan millisində oynamaq istədiyini bildirib. Futbol ictimaiyyətinin də əksər nümayəndəsi belə hesab edir ki, Reynaldo bu zamana qədər Azərbaycana gəlmiş ən səviyyəli, ən güclü legionerdi.
Hazırda sərgilədiyi oyunla Avropanın səviyyəli klublarının da diqqət mərkəzində olan Reynaldo müqaviləsi bitər-bitməz ciddi təkliflər almağa başlayacaq. Ona görə də bu oyunçu başqa bir adlı-sanlı kluba transfer olunmamış, tez bir zamanda hərəkətə keçmək lazımdı. Vladimir Levin, Branimir Subaşiç, Ufuk Budak, Dmitri Nazarov kimi oyunçular milliləşdirilirsə, Reynaldo niyə milliləşdirilməsin? Reynaldo bu oyunçulardan daha çox faydalı ola biləcək bir futbolçudu.
Berti Foqtsun gəlişindən sonra millimiz çox böyük inkişaf yolu keçib. Millimizin müdafiə və yarımmüdafiə xətti çox yaxşı vəziyyətdədi. Sadəcə, hücum xəttində son nöqtəni qoya biləcək, gələn ötürmələri maksimum səviyyədə dəyərləndirə biləcək bir hücumçu lazımdı. Reynaldo da məhz hücumun cinahlarında və mərkəzdə oynaya bilən futbolçudu. Azarkeşlərin çoxu, futbolçunun özü və hətta Foqts da Reynaldonun milliləşdirilməsinə müsbət baxırsa, deməli, bu şansı əldən qaçırmamaq lazımdı. Məncə, Reynaldonu milliləşdirməklə heç bir şey itirmərik, əksinə, çox şey qazanarıq.
Elvin Nəsibov
