Leroy Corc: Reynaldoya görə müdafiədə oturacağımızı düşünməyin
"Qarabağ"ın hücumameylli xavbeki Leroy Corcun azerisport.az saytına müsahibəsi
- Avstriyaya hansı hisslərlə gəlmisiz?
- Düzünü desəm, oyun haqda çox danışmaq istəmirəm. Hazırda cavab oyununu gözləyirik. Yaxşı nəticə ilə qayıtmaq istəyirik.
- Bakıdakı ilk matçdan sonra yəqin ki, rəqibin oyununu bir daha analiz etmisiz. "Zalsburq" haqda cavab görüşü ərəfəsində nə deyə bilərsiz?
- Bu komanda demək olar ki, bütün komponentlərdə güclü olan bir rəqibdi. Amma biz Bakıda onları məğlub edə bildik. Bu, bizə ümumi uğura nail olmaq şansı yaradır. Lakin səfər oyunu bizim üçün çox çətin keçəcək. Asan heç nə olmur.
- İlk oyunun ikinci hissəsində futbolçularınız adi epizodlarda çoxlu səhvlərə yol verirdilər. Bu, rəqibin güclü olmasından irəli gəlirdi, ya həyəcandan?
- Biz nəhəng komandaya qarşı oynayırdıq. Belə oyunda hər cür səhv qeydə alına bilər. Amma qələbə qazanmaq bizim üçün çox vacib idi.
- "Zalsburq"u vaxtilə qarşılaşdığınız Almaniya "Ayntraxt"ı ilə müqayisə etmək olar?
- Ötən mövsüm bütün rəqiblərimiz güclü idi. "Ayntraxt"ı isə xüsusi vurğulamaq olar. "Zalsburq"u heç bir komanda ilə müqayisə etmək istəməzdim. Amma onlar bizə çoxlu çətinliklər yaşatdılar. Əvvəlki rəqiblərimizin hamısından tamamilə fərqli futbol sərgiləyirlər.
- Cavab oyunundan nə gözləyirsiz?
- Meydanda sonadək döyüşməli, düzgün oynamalı, rəqib üçün boşluqlar buraxmamalıyıq. Öz futbolumuzu oynaya bilsək, hadisələrin müsbət axarına ümid edə bilərik. Bizdən asılı olan nə varsa, edəcəyik.
- Reynaldonun yoxluğuna görə narahatlıq var. Anlayırsız ki, onun yoxluğunda sizdən çox şey gözlənilir?
- Reynaldonun yoxluğuna görə bizim müdafiədə oturacağımızı düşünməyə dəyməz. Əlbəttə, onun olmaması bizim üçün böyük itkidi. Amma "Qarabağ" komanda oyunu ilə güclüdü, fərdi oyunçularına görə yox.
