Adolf Hütter: Zalsburq Qarabağla oyunda əlavə vaxta da hazırdı
Avstriyanın "Zalsburq" klubunun baş məşqçisi Adolf Hütter Çempionlar Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu öncəsi azerisport.az saytının suallarını cavablandırıb.
- Sabah ürəkdən oynamağa çalışacağıq. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmağı çox istəyirik. Bunu meydanda da göstərməliyik. Bakıdakı matçın ikinci hissəsindəki kimi oynamalıyıq.
- Məğlubiyyət təqdirində nə edəcəyinizi düşünmüsüz?
- Zəhmət olmasa, mənə belə suallar verməyin. Biz ancaq qələbəyə köklənmişik. Neqativ müzakirələrlə atmosferi korlamaq istəmirəm.
- Sizi daha çox nə narahat edir?
- Heyətdə 2-3 itki var. Amma biz heç nədən qorxmalı deyilik. "Qarabağ" ilk oyunda yaxşı komanda olduğunu göstərdi. Birinci hissədə onlar bizi çox qaçmağa məcbur etdilər. Biz bu oyunda göstərməliyik ki, bir istəyimiz var - qələbə qazanmaq.
- Reynaldo barədə nə deyə bilərsiz?
- Yüksək səviyyəli futbolçudu.
- "Qarabağ"ın sərgilədiyi oyun sizin üçün gözlənilməz olmadı?
- Xeyr. Özüm onların "Valletta" ilə cavab oyununu izləmişdim, necə oynadıqlarını görmüşdüm. Amma təbii ki, bu komandanın "Valletta" və "Zalsburq"a qarşı oyunlarını müqayisə etmək olmaz.
- Favorit kimdi?
- Hələ bunu deyə bilmərəm. Biz evdə oynayırıq. Bu o deməkdi ki, azarkeş dəstəyimiz də olacaq.
- Əlavə vaxta hazırsız?
- Əgər 90 dəqiqədən çox oynamaq lazım gəlsə, özümüzü göstərmək üçün kifayət qədər yaxşı formada olduğumuzu düşünürəm.
- "Qarabağ"a qarşı necə oynayacaqsız?
- Daim irəli getməyə çalışacağıq. Hücumda yaxşı oyun sərgiləyən futbolçularımız var. Rəqibi daim təzyiq altında saxlamalıyıq, topu onlara verməməliyik, ələ düşən şanslardan yaxşı yararlanmalıyıq. Hər iki komanda topla oynamağı xoşlayır.
- Bəs "Qarabağ"ın necə oynayacağını düşünürsüz?
- Fikrimcə, onlar Bakıdakı görüşün ikinci hissəsində oynadıqları kimi çıxış etməyə üstünlük verəcəklər.
- "Zalsburq" son üç oyununu qırmızı vərəqə ilə başa vurur. Səbəb nədi?
- Əlbəttə, bu faktdan çox narazıyam. Amma mənə elə gəlir ki, onlardan ikisini göstərməmək də olardı. Hər halda, azlıqda da qələbə qazana bildiyimizi göstərdik.
- Psioxoloji təzyiq hiss edirsiz?
- Hə. Çünki fanatlarımızın gözü qarşısında oynayacağıq.
