Kvaratsxeliya: Qarabağ məni təəccübləndirdi
Tovuzun "Turan-T" klubunun yeni baş məşqçisi Badri Kvaratsxeliya bu komandaya təyinatından, eləcə də hədəflərindən, futbolumuzdan danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Necə oldu ki, Tovuz klubunda peyda olduz?
- Təklif mənim üçün gözlənilməz oldu. Amma təklif gələn kimi qəbul etdim. Çünki Tovuz futbolu ilə yaxından tanışam. Klubun keçmişi ilə yanaşı, yaxşı potensialı və perspektivi də var. Bu, Azərbaycan futbolunun mərkəzlərindən biri hesab olunur. Maliyyə problemləri ilə əlaqədar klub əvvəlki mövqeyini itirsə də, gələcəkdə hər şey yenidən müsbətə doğru dəyişə bilər. Ona görə də buradayam. Mənim üçün bu klubda işləmək şərəfdi.
- Artıq bir həftəyə yaxındı bu komandanı çalışdırırsız. Diqqətinizi çəkən nələrsə var?
- İlk növbədə klub rəhbərliyinə təşəkkürümü bildirirəm ki, komanda üçün belə şərait yadadıblar. Hələ ki, heyəti formalaşdırmağa çalışırıq. Əsas diqqət yerli futbolçulara yönəldilib. Onların Tovuzdan olması mütləq deyil. Biz Azərbaycanın hər yerindən perspektivli uşaqları komandaya cəlb edirik. Əsas hədəfimiz yaxşı, döyüşkən komanda yaratmaqdı.
- Qarşınıza hansı hədəflər qoyulub?
- Çempionatda bacardığımız qədər irəli getmək istəyirik. Məqsədimiz ən azı ilk 6-lıqda qərarlaşmaqdı. Bizim işimiz bir illik deyil. Gələcəyin komandasını qururuq. Düzdü, gücümüz daxilində şəraitimiz var. İlk öncə özümüzü sübut etməliyik. İstədiyimiz komandanı toparlayıb, işlərimizi yoluna qoyduqdan sonra Premyer Liqanı hədəfləyəcəyik. Bunun üçün isə dayanmadan çalışacağıq.
- "Turan-T”-nin maliyyə imkanları yüksək səviyyədə olmasa da, bu təklifi qəbul etmisiz...
- Mən buraya pul üçün gəlməmişəm. Mənim də öz məqsədim, ambisiyalarım var. Özümü işimlə sübut etmək istəyirəm. Futbolçularımdan da bunu tələb edirəm. Ambisiyası olmayan, karyerasını düşünməyən futbolçu mənə lazım deyil. Fikirləşirəm ki, özümü təsdiq etmək üçün "Turan-T” ən yaxşı variant idi. Burada həm əsas komandanı qurmaq, nəticələr əldə etmək həm də uşaq futbolunun inkişafına nail olmaq istəyirəm. Qismət olarsa, elə bu komanda ilə yüksək liqaya vəsiqə qazanıb orda da uğurlu nəticələr əldə etmək istəyirəm. Bu səbəbdən də buradayam.
- Uzun müddət Azərbaycanda oynamısız, çalışmısız. Sizcə, futbolumuzda nələr dəyişib? İnkişaf varmı?
- Təbii ki, mənim oynadığım dövrlə indiki arasında böyük fərq var. İndi infrastruktur, şərait, maliyyə hər şey fərqlidir. Komandalara yüksək səviyyəli legionerlər, məşqçilər dəvət olunur. Birinci Divizionda çox komandanı tanımasam da, məsələn, mən "Qəbələ”də çalışarkən kubokda "Qaradağ Lökbatan”la qarşılaşmışdıq. "Qəbələ”nin səviyyəsinə hər kəs bələddi, amma həmin oyunda 1-ci divizion komandası layiqli müqavimət göstərdi. İnkişaf var və məncə, getdikcə daha da yüksək tempdə inkişaf edəcək.
- Yəqin ki, "Qarabağ” və "Neftçi”nin avrokuboklardakı son oyunlarını izləmisiz...
- Bəli, hər iki oyuna baxmışam. Açığını deyim ki, "Qarabağ” məni yaxşı mənada təəccübləndirdi. "Zalsburq” Avropanın güclü klublarından biridi. Onların infrastrukturu, şəraiti, maliyyə imkanları qitənin ən yaxşılarındandı. Lakin "Qarabağ” belə güclü rəqibdən çəkinmədən mübarizə apardı. Deyərdim ki, "Qarabağ” tarix yazdı, bu münasibətlə komandanı təbrik edirəm. Komanda əsl çempion kimi mübarizə apardı və layiqli qələbə qazandı. "Neftçi” haqda onu deyim ki, "Çixura”nı rahat məğlub edəcəyini gözləyirdim. Çünki bu iki komanda arasında böyük fərq var. "Neftçi”nin yaxşı baş məşqçisi, səviyyəli futbolçuları var. Məncə, "Neftçi” bu mərhələni rahat adlayacaq.
- Yeri gəlmişkən, "Neftçi” - "Çixura” oyununda qalmaqal yaşanmışdı. Uzun müddət Azərbaycanda yaşamış bir insan kimi münasibətinizi bilmək istərdik...
- Bu, sırf təxribatdı. Əsrlərdi Azərbaycan və Gürcüstan xalqları əla qonşuluq, dostluq, qardaşlıq münasibətində yaşayıblar və belə də yaşayacaqlar. Bu təxribatçılar iki dost xalqın bir-biri ilə münasibətini pozmaq istəyirlər. Əminəm ki, müdrik Azərbaycan xalqı bu təxribata aldanmayacaq. Həm azərbaycanlılar, həm də gürcülər belə insanlara aldanmasınlar. Heç vaxt hansısa gürcü və ya azərbaycanlı bu dostluğu pozmağa çalışmaz. Təxribatçıların hamısı layiqli cəzalarını alacaqlar. Dövlət başçıları da bu məsələni diqqətdə saxlayırlar. Gürcüstan höküməti dərhal o insanları tapıb cəzalandırmağı tapşırıb. Belə şeylər yolverilməzdi. Elələri heç vaxt istəklərinə çatmayacaqlar.
