Böyükağa Hacıyev: Qrup mərhələsinə çıxsaq, Kanales Neftçiyə dönəcək
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyevin azerisport.az saytına müsahibəsi
- Avropa Liqasının üçüncü təsnifat mərhələsindəki rəqibiniz "Çixura" ilə cavab oyununa hazırlıq necə gedir?
- Ayın 6-da Gürcüstana yola düşəcəyik. Adi qaydada hazırlaşırıq. Ümid edirəm ki, azarkeşlərimizi sevindirə biləcəyik.
- Səfərdə hansı taktika ilə oynayacaqsız?
- Taktikamız Bakıdakı oyundan fərqli olacaq. "Çixura" bizi yaxşı analiz etmişdi. Taktikanı hər oyunda dəyişmək lazımdı ki, rəqib sənin necə oynayacağını bilməsin.
- Gürcü fanatların radikal hərəkətlərindən yəqin ki, xəbəriniz var. Səfərdə də oxşar problemlərlə üzləşəcəyinizdən qorxmursuz?
- Mən heç nədən qorxmuram. Ora futbol oynamağa, yaxşı oyun sərgiləməyə gedirik.
- Sizi bu mövsüm Premyer Liqanın açılış turunun oyunu da gözləyir. "Araz Naxçıvan"la oyundan nə gözləyirsiz?
- Bu həftə bizim üçün ağır keçəcək. Ola bilər ki, Naxçıvandakı oyuna fərqli heyətlə çıxaq. Bunun üçün ehtiyat qüvvəmiz də var.
- Nikolas Kanalesin komandaya qaytarılması yönündə aparılan danışıqlar nə yerdədi?
- Avropa Liqasında qrup mərhələsinə vəsiqə qazansaq, o, "Neftçi"yə dönəcək. Hər mövqeyə ehtiyat oyunçumuz var. Ernest Nfor zəif oynamağa davam etsə, ona da əvəzləyici tapacağıq.
- Ələkbər Məmmədovun ölümünü necə qarşıladız?
- Böyük bir karifey dünyasını dəyişdi. Onunla müqayisədə mən gənc nəslin nümayəndəsiyəm. Vidalaşmağa gəlmişəm. Ələkbər Məmmədovun çox gözəl karyerası olub. Biz ondan çox şey öyrənmişik.
