Şota Kaşiya: Neftçini də Bursasporun aqibəti gözləyir
Gürcüstanın "Çixura" klubunun yarımmüdafiəçisi Şota Kaşiyanın azerisport.az saytına müsahibəsi
- Bakıdakı qolsuz heç-heçə ilə bağlı nə deyə bilərsiz?
- Bizim üçün Bakıdakı oyunda qol buraxmamaq vacib idi. Buna da nail olduq.
- Ona görə belə qorxaq taktika seçmişdiz, müdafiəyə çəkilmişdiz?
- Xeyr. Normal oynadığımızı düşünürəm. Ev oyununda daha yaxşı oynamağa çalışacağıq.
- "Neftçi"dən necə oyun gözləyirsiz?
- "Neftçi" ilə yay toplanışı zamanı iki oyun keçirmişdik. Birinci dəfə 3:2 hesabıyla qalib gəldik, digərində heç-heçə qeydə alındı - 1:1. Baş məşqçimiz bu komandanı yaxşı tanıyır. O, bizə öz göstərişlərini verir, biz də onları yerinə yetiririk.
- Sizə elə gəlmir ki, "Çixura"nın ilk oyunda bəxti gətirdi?
- Rəqibin də bəxti gətirdi. Çünki biz də qol vura bilərdik.
- Tiflisdəki oyundan nə gözləyirsiz?
- "Neftçi" çox yaxşı komandadı. Bilirəm ki, cavab oyununda onlar da yaxşı futbol sərgiləməyə çalışacaqlar. Amma elə etməyə çalışacağıq ki, növbəti mərhələyə biz keçək.
- "Neftçi"nin futbolçuları səfərdən qələbə ilə qayıdacaqlarına söz verirlər...
- Biz də ev oyununda uğurlu nəticə qazanmaq istəyirik. Onlar qələbə qazanmaq istəyə bilərlər. Amma biz bunu onlardan da çox istəyirik.
- Niyə belə düşünürsüz?
- Doğma azarkeşlərimizin qarşısında oynayacağıq. Bakıdakı stadionda da atmosfer yaxşı idi. Amma Tiflisdə daha yaxşı olacaq. Ona görə də çalışacağıq ki, azarkeşlərimizi növbəti mərhələyə adlamaqla sevindirək.
- Sizcə, "Neftçi"ni də "Bursaspor"un aqibəti gözləyir?
- Bəli. Çalışacağıq ki, "Neftçi"ni də "Bursaspor" kimi məğlub edək.
