"Koper Çixuradan güclü idi, amma gürcülərə qarşı oynamaq daha çətindi"
"Neftçi"nin yarımmüdafiəçisi Mirhüseyn Seyidovun azerisport.az saytına müsahibəsi
- "Neftçi" Gürcüstan "Çixura"sına ev oyununda niyə qalib gələ bilmədi?
- Bilirdik ki, "Çixura" müdafiədən oynayacaq, qol buraxmamağa çalışacaq. Onlar Bakıya bunun üçün gəlmişdilər. Oyun da bunu göstərdi. Qol vura bilmədik. Yaxşı ki, özümüz də qol buraxmadıq. Hər şeyə cavab oyunu aydınlıq gətirəcək. Allah eləsin ki, ikinci oyunda qalib gələk. "Koper"lə oyunlarda vəziyyət daha pis idi. Evdə uduzmuşduq, iki qol buraxmışdıq.
- "Koper" "Çixura"dan güclüdü?
- Sloveniya klubu daha yüksək səviyyəli klub idi. Amma gürcülərlə də çətindi. Çünki onlar tamamilə müdafiə futboluna üstünlük verirlər. "Koper" heç olmasa arabir hücumlara atılırdı, bunlar heç onu da etmirdilər.
- Türkiyə "Bursaspor"unun aqibətini yaşamaq riskiniz var?
- Bu, futboldu, heç nəyə dəqiq söz vermək olmaz. Amma biz məsuliyyətimizi dərk edirik. Əgər "Koper"ə Sloveniyada qalib gəlib mərhələ keçdiksə, Gürcüstanda da eyni uğuru təkrarlaya bilərik.
- Komandanız səfərdə hücum futbolu sərgiləyəcək?
- Qələbəyə oynayacağıq.
- Bu oyunda ələ düşən qol şanslarından yararlanmağınıza nə mane oldu?
- Əsəbdən. Çox həyəcanlı idik, qol vura bilmədikcə, daha çox əsəbləşirdik. Azarkeşlərimizi sevindirmək istəyirdik. Amma görünür, qismət deyilmiş. Çalışacağıq bunu səfərdə bacaraq.
- Əvəzlənməyiniz nə ilə bağlı idi?
- Başımı qaldıranda tabloda nömrəmi gördüm və meydandan çıxdım. Əvəzlənəcəyimi gözləmirdim. Amma görünür baş məşqçiyə yorğun görünmüşəm. Onun bu qərarına hörmətlə yanaşıram.
