2 avqust 2014 11:15

İlham Əliyev Ələkbər Məmmədovun ölümü ilə bağlı başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri, idman xadimləri tanınmış futbolçu Ələkbər Məmmədovun ölümü ilə bağlı başsağlığı veriblər. Azerisport.az xəbər verir ki, bu məqsədlə imzalanan nekroloqda deyilir:

- Azərbaycanın idman ictimaiyyətinə ağır itki üz vermişdir. Görkəmli idman xadimi, məşhur futbolçu, SSRİ əməkdar idman ustası, SSRİ-nin əməkdar məşqçisi, dörd dəfə SSRİ çempionu, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri, professor Ələkbər Əmir oğlu Məmmədov ömrünün 85-ci ilində vəfat edib.

Ələkbər Məmmədov 1930-cu il may ayının 9-da Bakı şəhərində anadan olmuşdur. O, 1952-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu və 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

Ələkbər Məmmədov 1948–1953-cü illərdə Bakının “Neftçi”, 1954–1959-cu illərdə Moskvanın “Dinamo” və 1960–1962-ci illərdə yenidən Bakının “Neftçi” komandalarının tərkibində parlaq oyunları ilə məşhur futbolçu kimi tanınmışdır. O, 1958-ci ildə futbol üzrə ilk Avropa kuboku uğrunda seçmə yarışlarda SSRİ yığma komandasının heyətində çıxış etmiş, dünyanın iyirmidən artıq ölkəsinin stadionlarında əfsanəvi oyun nümayiş etdirərək futbolumuzun şərəfini yüksəklərə qaldırmış və Azərbaycan futbol məktəbini layiqincə təmsil edib.

Ələkbər Məmmədov 1963–1965 və 1971–1972-ci illərdə “Neftçi” komandasının, 1993-cü ildə isə Azərbaycan yığma komandasının baş məşqçisi olaraq təqdirəlayiq fəaliyyət göstərmiş, respublikamızda gənc idmançıların hazırlanması və yüksək səviyyəli futbolçuların yetişdirilməsində müstəsna rol oynamışdır. O, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının və Milli Olimpiya Komitəsinin icraiyyə komitələrinin üzvü idi.

İdman sahəsindəki səmərəli fəaliyyətini pedaqoji işlə uğurlu şəkildə əlaqələndirən Ələkbər Məmmədov uzun illər ərzində respublikanın müxtəlif ali məktəblərində çalışmış, sağlam ruhlu yeni nəslin yetişdirilməsinə töhfələr verib.

Azərbaycan futbol tarixinə silinməz səhifələr yazmış Ələkbər Məmmədovun adı ölkəmizin idman salnaməsinə həmişəlik həkk olunmuşdur. Mənəvi-əxlaqi keyfiyyətləri və doğma xalqına dərin bağlılığına görə idman ictimaiyyəti onun şəxsiyyətinə hörmət və ehtiramla yanaşmışdır. Mahir futbolçunun nailiyyətləri həmvətənlərinin qəlbini daim qürur hissi ilə doldurub.

Ələkbər Məmmədov dünya futbolunun parlaq simalarından biri kimi Azərbaycanda futbolun inkişafı və təbliğində böyük xidmətlər göstərmişdir. Bütün həyatını futbola həsr etmiş mahir idmançı ömrünün sonunadək ona sadiq qalmış, öz fədakarlığı və peşəkarlığı sayəsində idman həvəskarlarının dərin rəğbətini qazanıb.

Ələkbər Məmmədovun Azərbaycanda idmanın, xüsusilə futbolun inkişafında və gənc nəslin təlim-tərbiyəsində xidmətləri yüksək qiymətləndirilmişdir. O, bir çox mükafatlar, orden və medallar almış, müstəqil Azərbaycan Respublikasının ali təltiflərindən olan “Şöhrət” ordeninə layiq görülüb.

Görkəmli idman xadimi, əfsanəvi futbolçu, mahir pedaqoq və səmimi insan Ələkbər Əmir oğlu Məmmədovun əziz xatirəsi onu tanıyanların qəlbində həmişə yaşayacaq.

Allah rəhmət eləsin!

İlham Əliyev
Artur Rasizadə
Oqtay Əsədov
Ramiz Mehdiyev
Mehriban Əliyeva
Hacıbala Abutalıbov
Fatma Abdullazadə
Azad Rəhimov
Mikayıl Cabbarov
Rövnəq Abdullayev
Ağacan Abiyev
Siyavuş Qarayev
Çingiz Hüseynzadə
Xəzər İsayev
Rauf Əliyev
Elşad Nəsirov
Yuri Kuznetsov
Kazbek Tuayev
Valeri Hacıyev
Mübariz Zeynalov
Yaşar Babayev
İqor Ponomaryov
İsgəndər Cavadov

Qeyd edək ki, mərhumla vida mərasimi 2014-cü il avqust ayının 4-də saat 13:00-dan 15:00-dək Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında (Fətəli xan Xoyski prospekti, 98) keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.