31 iyul 2014 16:15

Berti Foqts: Stadionda əsl Çempionlar Liqası atmosferi vardı

Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts "Qarabağ" - "Zaltsburq" oyunu ilə bağlı müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin "Qarabağ" - "Zaltsburq" oyununu izlədiniz. Oyun və nəticə barədə fikirləriniz necədir?
- Bir neçə məqamla bağlı xoş təəssüratlarımı bölüşmək istəyirəm. İlk növbədə, rəqibin kifayət qədər güclü olmasına baxmayaraq, komandanı oyuna düzgün hazırladığı, futbolçulara yüksək səviyyədə mübarizə əzmi aşıladığı üçün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov haqda ən xoş sözlər deyə bilərəm. Xüsusi qeyd etmək istədiyim ikinci amil azarkeşlərlə bağlıdır. Dünən stadionda həqiqətən fantastik atmosfer vardı və buna görə hər bir azarkeşə təşəkkür etmək lazımdır. Ağdam şəhərini təmsil edən "Qarabağ" klubunun Avropanın ən nüfuzlu turnirlərindən birində çıxış etməsi Azərbaycan üçün siyasi baxımdan da çox vacibdir və həm də buna görə çox istəyərdim ki, "Qarabağ" Çempionlar Liqasının və ya Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazansın. "Qarabağ" - "Zaltsburq" oyunu zamanı stadionda əsl Çempionlar Liqası atmosferi vardı və Ağdam təmsilçisi 2:1 hesablı qələbə ilə Çempionlar Liqasının qrup mərhələsi istiqamətində, kiçik də olsa, addım ata bildi. Ümid edirəm ki, "Qarabağ" bu mübarizənin ikinci 90 dəqiqəsini də ilk oyunda olduğu kimi yüksək səviyyədə keçirə biləcək. Birinci hissədə "Qarabağ" ikinci qolu vura bilərdi, daha doğrusu, vurmalı idi. Fasilədən sonra isə komandada artıq yorğunluq hiss olunamağa başladı ki, bu da təbiidir. Çünki hesabda irəlidə olan komanda belə oyunlarda qol buraxmamağa çalışır və belədə çox güc itkisinə yol verilməsi normal haldır. Düşünürəm ki, "Qarabağ"ın 1:0 hesablı qələbəsi 2:1 hesablı qələbədən daha əlverişli olardı. Çünki səfərdə vurulmuş 1 qol Avstriya təmsilçisi üçün əlavə üstünlük deməkdir. "Qarabağ" Bakıdakı oyunun ilk hissəsindəki mübarizə əzmini səfər qarşılaşmasının 70 dəqiqəsi ərzində ortaya qoymağı bacarsa, mərhələni adlaya bilər. Komanda yalnız nəticəni qorumaq barədə düşünsə, yalnız müdafiədə oynasa, işi çətin olacaq. Bir daha həm futbolçulara, həm də baş məşqçiyə oyuna və nəticəyə təşəkkür edirəm.
 
- "Qarabağ"ın start heyətində meydana 3 yerli futbolçu çıxmışdı. Məsələyə milli komandanın prizmasından yanaşsaq, heyətdə legionerlərin çoxluğu barədə nə deyə bilərsiniz?
- Komandanı formalaşdırmaq üçün mənə ən azı 11 futbolçu lazımdır. Qeyd etdiyiniz kimi, start heyətində Azərbaycan millisinə dəvət edə biləcəyimiz 3 futbolçu meydana çıxmışdı ki, onların hər üçü milli komandaya çağırılır. Qara Qarayevin oyunu haqda xoş sözlər deyə bilərəm. Bədavi Hüseynov son bir neçə ay ərzində oyununu xeyli inkişaf etdirib. Maksim Medvedev zədəsini bir müddət öncə sağaltmasına və formasını tam bərpa edə bilməməsinə baxmayaraq, "Zaltsburq"a qarşı tərifəlayiq səviyyədə oynadı. Amma ümumilikdə, "Qarabağ"ın heyətində xüsusi fərqləndirmək istədiyim futbolçu Reynaldodur. Onun da bir "qəbahəti" var ki, Azərbaycan pasportu yoxdur (gülür). Təbii ki, heyəti müəyyənləşdirmək klubun işidir və avrokubok oyunlarında daxili çempionatın limiti tətbiq olunmur. Əgər klubun məşqçisinin sərəncamında yerli futbolçulardan daha hazırlıqlı legionerlər varsa və məşçi həmin legionerlərin xidmətindən yararlanırsa, burada qeyri-adi heç nə yoxdur.
 
- "Qarabağ"ın "Zaltsburq"a qarşı meydana çıxan oyunçularının hər birini dəvət etmək imkanınız olsaydı, neçə futbolçunu Azərbaycan millisinə çağırardınız?
- Reynaldo və Almeyda şübhəsiz əsas heyətin üzvü olardı. Əgər onlar sərəncamımda olsaydı, tam məsuliyyəti ilə artıq bu gün deyərdim ki, Azərbaycan milli komandası Avro-2016-nın seçmə mərhələsində üçüncü yeri tutacaq. Amma yenə qeyd edirəm ki, onların pasport məsələsində "yanlışlıq" var (gülür).
 
- Admir Teli və Reynaldonun qırmızı vərəqə ilə cəzalandırılması futbolçuların intizamsızlığından, yoxsa yüksək təzyiqə davam gətirə bilməmələrindən qaynaqladı? Yaxud başqa səbəb vardı?
- Oyunda sərt mübarizə vardı, amma kobudluq yox. Hakimə sual vermək imkanım olsaydı, soruşardım ki, o, son dünya çempionatının oyunlarına baxıbmı?! "Zaltsburq"un futbolçusuna qırmızı kart göstərdikdən sonra sanki hakimdə özünü sığortalama instinkti baş qaldırdı. Həmin dəqiqələrdə oyunu mənimlə birgə izləyən həmkarlarıma dedim ki, bu gedişlə fasiləyə qədər "Qarabağ"ın da hansısa futbolçusuna qırmızı kart göstəriləcək. Təəssüf ki, belə də oldu. Kobudluğun o qədər də çox müşahidə olunmadığı bir oyunda səkkiz sarı, üç qırmızı vərəqə göstərilməsi yaxşı hal deyildi. Dünən xoş bir futbol axşamı idi, heyf ki, belə xoşagəlməz məqamlar da oldu.
 
- "Qarabağ"ın qol buraxdığı epizodda müdafiəçilər səhvə yol verdilər, yoxsa "Zaltsburq"un futbolçusu daha üstün texniki bacarıq nümayiş etdirdi?
- Beynəlxalq oyunlarda belə epizodlarda rəqibin topu bu qədər rahat qəbul etməsinə imkan vermək olmaz. Əlbəttə, həmin epizodda "Zaltsburq"un oyunçusu yüksək texniki ustalıq nümayiş etdirdi. Amma bu, müdafiəçilərimizə bəraət qazandırmır. Rəqib müdafiə olunan komandanın qapısına doğru nə qədər çox yaxınlaşırsa, müdafiəçilər rəqibin oyunçularına bir o qədər yaxın məsafədə olmalıdırlar. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.