Güvənc Kurtar: Hələ də Azərbaycanda işləsəydim, Türkiyə klublarına daha çox futbolçu təklif edərdim
"Rəvan"ın sabiq baş məşqçisi Güvənc Kurtarın azerisport.az saytına müsahibəsi
- "Rəvan"ın sabiq qapıçısı Kamal Bayramovun "Girəsunspor"a keçidini necə dəyərləndirə bilərsiz?
- Kamal özünü "Rəvan"da çox yaxşı tərəfdən göstərdi. Fikrimcə, o, yeni komandasında güclənə biləcək gücdədi.
- Əsas qapıçı ola bilər?
- Əlbəttə. Təbii ki, öz üzərində işləsə, çox uğurlar qazanar.
- "Girəsunspor"a onu siz məsləhət görmüsüz?
- Bəli. Klub prezidentinə müəyyən informasiya verdim. "Karşıyaka"ya da Mahir Şükürovu məsləhət bildim. "Girəsunspor"a Cəmşid Məhərrəmovla Orxan Lalayev də keçə bilərdi. Bu yöndə danışıqlar gedir. Mümkündü ki, Cəmşidin keçidi alınsın.
- Bəs Lalayevin keçidi niyə alınmadı?
- O, AZAL-a keçməklə tələsdi.
- Sizcə, Şükürov "Neftçi"ni "Karşıyaka"ya dəyişməklə düzgün addım atdı?
- Fikrimcə, hə. Onlar PTT 1-ci liqada çempionluğa oynayacaqlar. Mahir yaxşı da maaş alacaq. Əgər mən hələ də Azərbaycanda olsaydım, indi klublarımıza daha çox oyunçu təklif edə bilərdim.
- Məsələn?
- "Simurq"dan Draqan Çeranı. "Bakı"dan, "İnter"dən 4-5 futbolçunu təklif edərdim. "Qarabağ"da da xeyli futbolçu var ki, Türkiyədə oynaya bilərlər.
- Siz niyə "Rəvan"da qalmadız?
- Rəhbərlik büdcəni azaltdı. Bunu da etməkdə haqlı idilər. Ondan sonra orada qalmağın mənası yox idi.
- Yenidən Azərbaycanda çalışmaq istərdiz?
- Əlbəttə.
- Hansı klubda?
- "Rəvan", "Neftçi", "Qəbələ", "Xəzər Lənkəran" kimi klublarda. Mən "Qəbələ"nin baş məşqçisi olsaydım, Avropa Liqasındakı ilk təsnifat mərhələsindən qalib ayrılardıq. "Neftçi"nin də mərhələ adlayacağını düşünmürəm.
