Georgi Nikolov: Bu təyinat ilə bağlı şübhələr yaranacağını gözləyirdim
"İnter"in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi
- Avroliqanın ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"u ilə cavab oyunu öncəsi ehtiyatlandığınız nəsə var?
- 0:1 - sürüşkən hesabdı. Baxmayaraq ki, o, bizim xeyrimizədi. İsveçlilər bura gəzməyə gəlməyəcəklər. Gərginlik var. Amma məndə hər şeyin yaxşı olacağına əminlik var. Qələbə gözləyirəm. Başqa heç nə.
- Cavab oyununa bolqarıstanlı hakim Stanislav Todorov təyin olunub. Onunla həmyerli olduğunuzu nəzərə alsaq, bu, "İnter" üçün nəyi dəyişir?
- Bunun heç bir önəmi yoxdu. Onlar UEFA hakimləridi. Hər şey qitə futbol qurumunun nəzarəti altındadı. Bu təyinatdan sonra belə suallar gözləyirdim. Xoşagəlməz vəziyyət yaranır. Dərhal şübhələr meydana gəlir.
- Məgər ortalıqda buna əsas verəcək nəsə var?
- Əlbəttə, yoxdu. Onları bu oyuna mən təyin etməmişəm. Ümumiyyətlə, bu təyinatı "İnter" üçün arzuolunmaz sayıram. Ümid edirəm ki, əsl feyr-pley olacaq.
- Siz bolqarıstanlı hakimlərlə bağlı heç nə demədiniz. Tanış deyilsiz?
- Bilirsiz ki, səkkiz ildi Bolqarıstandan çıxmışam, orada yaşamıram. Ona görə bu hakimləri də tanımıram.
- "Neman" (Belarus) - "Hafnarfyordur" (İslandiya) cütündən nə gözləyirsiz?
- Belarus yaxındı, İslandiya uzaq. Yaxına getməyimiz daha yaxşı olar.
- Bunu maliyyə baxımından deyirsiz?
- Təkcə ona görə yox. Bir var 7-7,5 saat yol qət edəsən, bir də var Belarusa gedəsən. İndiki məqamda yol yorğunluğu az əhəmiyyət kəsb etmir. Amma biz hələ üçüncü təsnifat mərhələsinə vəsiqəni təmin etməliyik.
- "İnter" Avroliqada uğurlu çıxışını davam etdirsə, PFL-dən çempionat oyunlarınızı təxirə salmalarını xahiş edəcəksiz?
- Mən PFL-in buna diqqət yetirəcəyini düşünmürəm. Çünki ötən il də oyunlar avrokuboklara görə təxirə salınmırdı.
- Ehtiyat qüvvəsi o qədər də böyük olmayan "İnter" üçün bu, problem yarada bilər...
- Ümid edirəm ki, bu, bizə problem yaratmayacaq. Mən PFL-dən belə bir yaxşılıq gözləmirəm. Amma lazım gəlsə, hansısa oyunumuzun təxirə salınmasını xahiş edə bilərik. Müsbət cavab olmasa, hər iki cəbhədə mübarizə aparmağa çalışacağıq.
