İqor Ponomaryov: İnter cavab matçında da belə oynasa...
Azərbaycan millisinin sabiq baş məşqçisi, İsveçdə yaşayan İqor Ponomaryov azerisport.az saytına müsahibəsində "İnter"in "Elfsborq"la səfər matçından, "Neftçi" və "Qarabağ"ın çıxışından danışıb.
- "İnter"in səfər oyununu canlı izlədiniz. Oyun haqda fikrinizi bilmək istərdik...
- "Elfsborq" İsveçin güclü komandalarından biridi. Heyətinə görə ölkənin güclü 4-5 klubundan biridi. Onlardan daha yaxşı oyun gözləyirdim. Hər halda Avropa turnurlərində böyük təcrübəsi var. Lakin Azərbaycan təmsilçisi onların planını pozdu. "İnter" futbolçuları çox inamlı oynadılar və ilk hissədə hesabı açdılar. "İnter" bu oyunda ən azı 2-3 qol vura bilərdi. Çoxlu sayda qol şanslarını boşa verdilər. Cütün taleyi böyük ölçüdə həll olunmalıydı. İlk oyuna görə komandaya təşəkkür edirəm. Matça gələn azərbaycanlıları sevindirdi. İsveçdə yaşayan çoxlu həmyerlimiz stadiona gəlmişdi. Həmçinin Azərbaycanın İsveçdəki səfirliyinə təşəkkür edirəm ki, azarkeşlərə belə şərait yaradıblar.
- Sizcə, "İnter"in qələbəsində əsas rol nə oldu?
- Əsas rol rəqibi yaxşı təhlil etməkləri oynadı. Georgiyevskinin qolu üstünlüyümüzü möhkəmlətdi. "İnter"in heyətində 88 nömrəli futbolçunu bəyəndim. Ümumiyyətlə futbolçular baş məşqçinin dediklərini yerinə yetirdi. Sadəcə, daha çox qol vurmaq olardı. Bakıdakı oyun çətin olacaq. "Elfsborq"un itiriləsi heç nəyi yoxdu. Bakıda hücum futbolu nümayiş etdirəcəklər və çalışacaqlar hesabı bərabərləşdirsinlər.
- "Elfsborq" Bakıda sürpriz edə bilər?
- Futbolda hər zaman ehtiyatlı olmaq lazımdı. 1:0 hesabı bizi növbəti mərhələyə çıxarmır. Bunun üçün daha 90 dəqiqə oynamaq gərəkdi. "İnter" cavab matçında da belə oynasa, "Elfsborq"un şansı olmayacaq. Lakin arxayınlaşmaq olmaz. İsveç təmsilçisi təcrübəli rəqibdi. Heyətində yaxşı futbolçular var. Onlar çalışacaqlar sübut etsinlər ki, məğlubiyyət təsadüfidi. İstənilən halda "İnter"in uğur qazanması Azərbaycanın hesabına UEFA reytinqində xallar qazandıracaq. Sadəcə, sona qədər mübarizə aparmaq lazımdı.
- "Neftçi" doğma meydanda "Koper"ə uduzdu. Siz ilk oyunda belə nəticəni gözləyirdiz?
- Avropa Liqasında zəif rəqib olmur. 1:2 hesablı məğlubiyyət son deyil. Bu oyunu xilas etmək olar. Matça baxmamışam, ona görə nəsə demək çətindi. İlk oyunda uduzsa belə, komandanın cavab matçını gözləmək lazımdı. "Neftçi" azarkeşləri hər zaman sevindirməyə çalışır. "Koper" Sloveniyada daha güclü olacaq. Şübhəsiz ki, adətən sloveniyalı klublar evdə daha yaxşı oynayırlar. Bununla belə mümkün olmayan heç nə yoxdu.
- "Qəbələ" ilk mərhələdə Avropa Liqasıyla vidalaşdı. Sizcə, bunda günahkar kimdi?
- Yeni məşqçi 2 həftəyə nə etməli idi? Komandanı hazırlamaq üçün zaman lazımdı. Klub işini quranda diqqətli olmalıydı. Komanda avrokuboklara oynayırsa, deməli bir neçə ay irəlini düşünməlisən. Bu mənada uduzmaqları öz günahlarıdı. Heç kim istəməz ki, "Qəbələ" Avropa meydanlarını tez tərk etsin. Amma qalib gəlmək üçün ən çox özləri çalışmalıdı.
- Azərbaycan çempionu "Qarabağ"dan hansı nəticəni gözləyirsiz? Azarkeşlər Ağdam təmsilçisinin qrup mərhələsinə düşməsini tələb edir...
- Maltayla oyuna görə danışmaq tezdi. "Qarabağ"ın doğma meydanda inamlı qələbə qazanacağına ümid böyükdü. Növbəti mərhələlərdə rəqibdən asılı olacaq. Klublarımız bilməlidi ki, artıq 1-2 mərhələylə azarkeşlərin tələb etdiyi uğuru unutdurmaq olmaz. Uzun müddətdi ölkədə futbola diqqət göstərilir. Ona görə daha irəli mərhələlərə keçməliyik. Klublar artıq 3-4 mərhələ adlamaq məcburiyətindədi.
- Klublarımız qrup mərhələsinə vəsiqə qazanmasa, necə olacaq?
- Gəlin ikinci mərhələnin cavab oyunlarını gözləyək. Hər üç komandanın şansları var. Xüsusilə "Qarabağ" və "İnter" bundan maksimum faydalanmalıdı. "Elfsborq"la cavab görüşü ilk oyundan çətin olacaq. İsveç futbolçuları artıq "İnter"in nəyə qadir olduğunu gördülər.
