Çixuranın baş məşqçisi: Öncə Bursasporu keçək, sonra Koperlə Neftçi haqda düşünərik
Gürcüstanın "Çixura" klubunun baş məşqçisi Samson Pruidze Avropa Liqasındakı potensial rəqibləri olan Azərbaycanın "Neftçi" və Sloveniyanın "Koper" klubları barədə danışıb. Azerisport.az xəbər verir ki, ikinci təsnifat mərhələsində Türkiyənin "Bursaspor" klubu ilə mübarizə aparan və səfər oyununda qolsuz heç-heçəyə nail olan gürcülərin çalışdırıcısı bunları söyləyib:
"Hələ növbəti rəqiblərimiz haqda düşünmürük. Çünki bizi hələ "Bursaspol"la cavab oyunu gözləyir. Bu komandanı keçə bilsək, sonra növbəti rəqibimiz barədə düşünərik. Amma bu iki komanda arasında seçim apara bilmərik. Yay toplanışı zamanı "Neftçi" ilə iki sınaq matçı keçirdik, birində 3:2 hesabıyla qalib gəldik, digəri isə qolsuz başa çatdı. İkinci oyunda rəqib tamamilə əsas heyət oyunçularından istifadə etdi. "Neftçi" həmin oyunlarla müqayisədə indi daha yaxşı formada olmalıdı. Əgər "Koper" səfərdə bu komandaya qalib gəlibsə, Sloveniya təmsilçisinin gücünü qiymətləndirmək lazımdı".
