Markus Roden: Biz İnterin göstərdiyi oyuna hazır deyildik
İsveçin "Elfsborq" klubunun hücumçusu Markus Roden Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"inə qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az sizi onun müsahibəsi ilə tanış edir.
- Məğlubiyyətlə bağlı nə deyə bilərsiz?
- Bu, əlbəttə, böyük məyusluqdu. Biz yaxşı nəticəyə ümid edirdik, daha doğrusu, qələbəyə.
- Bəs niyə alınmadı?
- Mümkündü ki, biz öz oyunumuzu sərgiləyə bilmədik. Amma nəyə qadir olduğumuzu yaxşı bilirik. Normal top saxlaya bilmədik. Topu qəbul etmək də çətin idi. Üzərində işləməli olduğumuz məqamlar var.
- Hücumda heç nə edə bilmədiniz...
- Bütün bunlar topa normal nəzarət edə bilməməyimizin nəticəsi idi. Biz həqiqətən də yaxşı oynamadıq. Hətta deyərdim ki, qorxaq oynadıq.
- Demək olar ki, rəqibi düzgün qiymətləndirmədiz?
- Xeyr, mən belə düşünmürəm. Biz onların əvvəlki oyunlarında necə çıxış etdiklərini görmüşdük. Görünür, biz özümüz onları sərgilədiyi oyuna hazır deyildik.
- Belə fikir var ki, "Elfsborq" indi çətin dövrünü yaşayır. Bu, belədi?
- Burda gizlədiləsi heç nə yoxdu. Əlbəttə, başa düşürük ki, bacardığımız və istədiyimiz oyunu göstərə bilmirik. Amma növbəti oyuna hazırlaşmağa borcluyuq.
- Bakıdakı cavab oyununda nə etmək lazımdı?
- Artıq onların necə oynadığını bilirik. Səfərdə daha diqqətli oynamalıyıq. Qol buraxmamağa çalışacağıq.
