Sxadadze: İnter daha 2-3 qol vurub, cütün taleyini həll edə bilərdi
"İnter"in hücumçusu Baçana Sxadadze Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı səfərdə keçirdikləri səfər oyunundan sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Oyunla bağlı təəssüratlarınız necədi?
- Qarışıq. Bir tərəfdən şadıq ki, qələbə qazandıq. Digər tərəfdən də cütün taleyini burada, İsveçdə həll edə bilməməyimizə üzülürük. Daha 2-3 qol vursaydıq, hər şey bitmiş olacaqdı. Amma o qədər şans olduğu halda, cəmi bir qol vurduq.
- Niyə?
- Fikrimcə, emosiyalarımızla bacarmadıq. Daha soyuqqanlı oynamağımız lazım idi.
- "İnter" bu oyunda nəyin sayəsində qələbə qazandı?
- Biz düzgün taktika seçmişdik. Onların müdafiəçiləri çox ləng idilər, buna görə də biz uzun ötürmələrdən istifadə edirdik. Bu, bizə çox rahat idi.
- Sizin də, Dieqo Madriqalın da qol şansları olduğu halda, yararlana bilməməyinizə nə səbəb oldu?
- Böyük hesabla qalib gəlməyi çox istəyirdik. Amma digər tərəfdən böyük hesablı qələbə bizi arxayınlaşdıra da bilərdi.
- Cavab oyunundan nə gözləyirsiz?
- "Elfsborq" Bakıda daha yaxşı oynamağa çalışacaq. Buna görə də biz hər şeyə hazır olmalıyıq. Onların sürpriz etməsinə imkan verməməliyik.
