Araz Abdullayev: Koperə bütün komponentlərdə uduzduq
"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayevin azerisport.az saytına müsahibəsi
- Sloveniya "Koper"inə məğlubiyyətinizə nə səbəb oldu?
- Oynamaq çətin idi. Bütünü oyunu hücumda keçirdik. Onlar isə qapımız qarşısında heç nədən qol vəziyyətləri yaratdılar. Artıq bu məğlubiyyətin əvəzini səfərdə çıxmaq lazımdı.
- Məgər "Koper" "Neftçi"dən evində iki qol buraxacaq səviyyədədi?
- Bilmirəm. Mən heç vaxt təsəvvür etməzdim ki, belə qollar buraxarıq. Sona qədər mübarizə apardıq, amma cəmi bir qol vura bildik.
- Hücumlarınız niyə belə kəsərsiz idi?
- "Koper" altı müdafiəçi ilə oynayırdı, bütün komanda ilə arxaya çəkilmişdilər. Üstəlik, iki dağıdıcı yarımmüdafiəçiləri vardı. Belə müdafiəni necə keçmək olar ki?
- "Neftçi" oyuna hazır deyildi?
- Bu, bizim ilk oyunumuz idi. Hələ heç nə itirilməyib. Sloveniyada daha yaxşı oynamalıyıq. Əminəm ki, "Koper" ev oyununda daha çox hücum haqda düşünəcək. Bu bizim üçün üstünlük ola bilər.
- "Neftçi"yə bu oyunda istəyinə çatmağa nə mane oldu?
- Birinci hissədə çox isti vardı.
- Rəqib gözlədiyiniz kimi oynadı?
- Bu, artıq o qədər də önəmli deyil. Əsas odu ki, hamı bizim "Koper"ə bütün komponentlərdə uduzduğumuzu gördü.
