Derlis Meza Kolli: İnter Elfsborq səddini keçməyə qadirdi
"İnter"in futbolçusu Derlis Meza Kolli azerisport.az saytına müsahibəsində İsveçdə keçiriləcək "Elfsborq"la ilk oyundan, komandasının hazırlıq dövründən danışıb.
- "Elfsborq"la səfər oyunu haqda nə düşünürsən?
- Rəqibin bir neçə oyununa baxmışıq. "Elfsborq"un oyun tərzi artıq bizə məlumdu. Əlbəttə, "Tiraspol"dan sonra bu mərhələni də keçməyə çalışırıq. İsveç təmsilçisi "Tiraspol"dan fərqli, daha güclü komandadı. Uzun illər avrokuboklarda mübarizə aparan komandadı. Fikrimcə, səfər matçı bir çox amilə aydınlıq gətirəcək. Hər halda "Tiraspol" üzərindəki qələbənin davamını gətirmək lazımdı. İlk mərhələni keçməklə kifayətlənmək olmaz.
- Elvin Məmmədovun yoxluğu komandaya təsir edə bilərmi?
- Elvin Moldovadakı oyunda çox yaxşı oynadı. Təəssüf ki, bizimlə deyil. Sadəcə, futbolda əsas komanda oyunudu. "İnter" hər zaman birgə oynayıb və kollektiv futbol nümayiş etdirib. Biz çalışacağıq Elvinin olmaması hiss olunmasın. Oyun baxımından səfərdə mübarizə aparmağımızı nəzərə almalıyıq. Adətən meydan sahibi cüzi üstünlüyə malik olur. "İnter" növbəti mərhələyə keçmək üçün səfərdə rəqibə istədiyi oyunu göstərməyə imkan verməməlidi.
- Şansları necə qiymətləndirirsən? Əksəriyyət, "Elfsborq"u favorit sayır...
- Bu görüşdə favorit yoxdu. "İnter" ilk oyunda nəyə qadir olduğunu göstərdi. Fikrimcə, favorit adı çəkmək hadisələri qabaqlamaq deməkdi. Şanslar bərabərdi. Bizim əsas məqsədimiz İsveçdən sərfəli nəticəylə qayıtmaqdı. Rəqibin heyətində təcrübəli futbolçular çoxdu. Ona görə ehtiyatlı olmalıyıq. Komandamızın məqsədi iki oyunun cəmində uğur qazanmaqdı.
- "Elfsborq"un heyətində təcrübəli Stevensson oynayır. Vaxtilə İsveç millinin heyətində mübarizə aparıb...
- O barədə məlumatımız var. Sadəcə, komandanın oyunu 1 nəfərdən ibarət olmur. Yalnız Stevenssonu deməklə digər futbolçuları nəzarətdən kənar saxlamaq olmaz. Məhz bu amil həlledicidi. "Elfsborq"da yarımmüdafiə yaxşı təsir bağışlayır. Sürətli əks hücum yarada bilirlər. Buna görə də meydana çıxan hər bir futbolçuya qarşı oynamaq lazımdı. Biz rəqibə heç nəyə görə uduzmamalıyıq.
- "Tiraspol"a qarşı oynadığınız kimi oynasaz, mərhələ adlamaq olar?
- Biz İsveç təmsilçisinə qarşı tam fərqli oynamalıyıq. Moldova klubu başqa futbol oynayırdı. Ona görə "İnter" də İsveç klubuna qarşı daha yaxşı oynayacaq. Səfərdə mübarizə aparmağımıza baxmayaraq müdafiədə oturmaq fikrimiz yoxdu. Məqsədimiz qol vurmaqdı. Səfərdəki qol sonradan mərhələ adlamağa kömək edəcək.
- "Elfsborq" futbolçularının matç ərəfəsində iddialı açıqlaması sizin oyuna təsir edə bilərmi?
- Onların nə danışması öz işləridi. Biz sözümüzü meydanda deyəcəyik. Futbolçunun işi gözəl oynamaqdı. Komandamız qələbəyə köklənib. Mətbuatda onların nə deməsi bizə təsir etməyəcək. Əksinə daha yaxşı oynamağa kömək olacaq. Motivasiyamızı artıracaq. "Elfsborq"la oyunda tam fərqli "İnter" görəcəksiniz. Moldovadakı oyundan daha yaxşı mübarizə olacaq.
