AFFA Bakıya sponsor tapa bilməsə, onu 1-ci divizion klubu ilə əvəzləyəcək
AFFA-nın baş katibi Elxan Məmmədov Premyer Liqada çıxış edən klublarımızın durumundan narazılığını dilə gətirib. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"Biz istəyirik ki, Premyer Liqadakı 10 klubumuzun hamısı sabit çıxış edə bilsin. Əgər 10 komanda sabit oynaya bilmirsə, bu, ciddi problemdi. AFFA təkcə yığmayla məşğul olmur, bizi hər şey narahat edir. Çempionatımızın formatı çox tez-tez dəyişir.
Maliyyə probleminin bir-iki ay müşahidə olunması normal haldı. Amma yarım il davam edirsə, bu, anormaldı. Hazırda potensial sponsorlarla danışıqlarımızı davam etdiririk. Əlimizdən gələni edirik ki, "Bakı" Premyer Liqada qalsın.
Hazırda "Bakı"nın gələcək aqibəti ilə bağlı bir neçə variant var. A planı komandanın elitadakı çıxışını davam etdirməkdən ibarətdi. B planı komandaya yeni sponsor tapmaqdı. C planı isə bu komandanı birinci diviziondakı hansısa klubun əvəzləməsi. "Bakı" yeni mövsümə elitada başlasa, sona kimi çıxış etməlidi. Əgər hansısa komanda çempionatın gedişində çıxışını dayandırsa, bu, faciə olacaq. "Bakı"nın futbolçuları sağ olsunlar ki, fevral ayında pullarını almamalarına rəğmən, meydana çıxıb, oynadılar".
