Vallettanın müdafiəçisi: Qarabağın belə güclü olduğunu təsəvvür etmirdim
Maltanın "Valletta" klubunun futbolçusu Luk Dimek Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan sonra fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında, o, komandasının 0:1 hesablı məğlubiyyətini belə şərh edib:
"Mən ev oyununda uduzacağımızı düşünmürdüm. Çünki avrokuboklarda böyük təcrübəmiz var idi. Komandamızın heyətində yeni futbolçular var idi və qələbə qazanacağımıza inanırdım. Amma "Qarabağ" çox hücum etdi və bizə ələ düşən şanslardan yararlanmağa imkan vermədi. Sizin çempionun bu qədər güclü olacağını təsəvvür etmirdim. Uduzmaq üzücüdü, xüsusən də evdə. Səfərdə bizə daha çətin olacaq. Amma mübarizəni sonadək aparmalıyıq".
Bu komandalar arasındakı cavab oyunu iyulun 22-də Bakıda keçiriləcək.
