Koperin oyunçuları Neftçinin fanatları qarşısında məşq etmək istəmədi
Sloveniyanın "Koper" klubu sabah keçiriləcək Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsindəki "Neftçi" ilə ilk oyun öncəsi bu gün Bakıda son məşqə çıxıb. Azerisport.az xəbər verir ki, sloveniyalılar matçın keçiriləcəyi "Bakcell Arena"da hazırlıq keçiblər.
Lakin rəqib komandanın oyunçuları 20:00-da start götürməli olan məşqə bir qədər gec çıxıblar. Buna səbəb arenanın tribunalarında bir qrup "Neftçi" azarkeşinin yer alması olub. "Ağ-qaralı" fanatlar daha tez start götürən "Neftçi"nin məşqini izləməyə gəlsələr də, "Koper"in də hazırlığına baxmaq istəyiblər. Amma Sloveniya klubunun futbolçuları onların tribunadan uzaqlaşdırılmasını tələb ediblər. Stadionun işçiləri həmin azarkeşləri arenadan çıxardıqdan sonra, "Koper"in futbolçuları məşqə start veriblər.
