Vanoli: Koperin Neftçiyə qarşı layiqli mübarizə apara biləcək güclü futbolçuları var
Sloveniyanın "Koper" klubunun baş məşqçisi Rodolfo Vanoli Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün Bakıda təşkil olunan mətbuat konfransında bunları söyləyib:
"Azərbaycanda səfərdə olmaqdan məmnunuq. "Neftçi" bizim burada özümüzü yaxşı hiss etməyimiz üçün hər cür şərait yaradıb. Güclü komandaya qarşı oynayacağıq. Avrokuboklarda təcrübələri var. Mənim də oxşar təcrübəm var. "Udineze"də, CSKA-da çalışmışam. Bizi iki çətin oyun gözləyir. Komandama inanıram. "Neftçi" ilə mübarizə apara biləcək güclü futbolçularımız var. "Koper"in öz oyun fəlsəfəsi var. Sloveniya çempionatında çıxış edən çox güclü komandalara, çempion "Maribor"a qalib gəlmişik. İnanıram ki, "Neftçi"yə qarşı da layiqli mübarizə aparacağıq".
