"Sloveniyalılar almanlardı, qoy bizim braziliyalılar çıxıb qisaslarını alsınlar"
"Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Sloveniya "Koper"inə qarşı sabah keçirəcəkləri ilk oyun ərəfəsində fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bu gün keçirilən mətbuat konfransında öncə bunları söyləyib:
"Sabah çox ağır oyunumuz var. Rəqib yaxşı komandadı. Bir neçə gündü analiz aparırırq. Çalışırıq ki, düzgün plan quraq. Türkiyə və Avstriyadakı iki təlim məşq toplanışından sonra bacardığımız qədər matça hazırlaşmışıq. "Koper"ə hörmətlə yanaşırıq. Ötən mövsüm rəqibə fərqli yanaşdıq və bizi cəzalandırdılar. Biz "Skenderbeu" məğlubiyyətini unutmamışıq. Rəqib əzmkardı, meydanda mübarizə aparmağı sevir. Rəqibin qol silahı standart vəziyyətlərdi. Bundan başqa "Koper"in "Çelik"ə 9 qol vurması da hər şeyi deyir. Ancaq bu, rəqibdən qorxmağımız anlamına gəlmir. Öz oyunmuzu sərgiləyəcəyik və göstərəcəyik ki, "Neftçi" də sabit, yaxşı komandadı".
"Julius Vobay komandaya qayıdıb və mən onu yeni mövqedə sınayacam. Komandanın oyun üslubu bir qədər dəyişib. Odu ki, sabah fərqli "Neftçi" görəcəksiz. Nforla Qurbanov matça hazırdı. Əgər alınsa, fəal olacağıq və yaxşı oyun göstərəcəyik. Ümid edirəm ki, qol vəziyyətlərindən yararlanmaq baxımından problemimiz olmayacaq".
Hacıyev Flavinyoya daha çox üstünlük verməsindən də danışıb: "Neftçi" təkcə Flavinyodan ibarət deyil. Əgər onu "bağlasalar", Araz Abdullayev, Mirhüseyn Seyidov oyunu öz üzərinə götürə bilər. "Neftçi" bu mövsüm demək olar ki, yeni futbolçusu olmayan bir komandadı. Sabah necə oynadığımızı görəcəksiz".
Hacıyevin sözlərinə görə, "Koper" güclü rəqibdi. "Koper" bu mövsüm avrokuboklarda klublarımıza rəqib olan komandalar arasında ən güclüsüdü. Azərbaycan klublarının hansı problemlərlə üzləşdiyini görürsüz. Amma biz öz yolumuzla gedirik. Samir Məsimovun oyununa baxın. O, "Qarabağ"da, "Qəbələ"də olmuşdu, amma oynaya bilməmişdi. Amma bizdə oynayır".
"Məşqçidən çox şey asılıdı. Görün Yoahim Löv Almaniya yığmasını necə qaldırdı. Braziliya Almaniyaya 1:7 uduzanda havalandım. Bizim braziliyalı oyunçularımız da şokda idilər. Kardoso ağlayırdı, onu sakitləşdirə bilmirdim. Flavinyonun sifətində həyat işığı yox idi. Mən hələ belə patriotluq görməmişdim. Ona görə də braziliyalıların avropalılara qarşı hirsi var. Flavinyo və digər braziliyalılarımız üçün Sloveniya Almaniya olmalıdı, çıxıb qisaslarını almalıdılar".
