Azərbaycan millisi DÇ-dən qovuldu
Azərbaycanın tələbələrdən ibarət futzal yığması Malaqada təşkil olunan sayca 14-cü dünya çempionatında bu gün üçüncü oyununu keçirməliydi. Azerisport.az xəbər verir ki, komandamızın bu dəfəki rəqibi Rusiya olacaqdı.
Lakin bu oyun baş tutmayacaq. Buna səbəb yığmamızın gözlənilməz cəza ilə üzləşməsidi. Belə ki, təşkilat komitəsi Azərbaycan yığmasını yarışdan kənarlaşdırıb. Buna səbəb millimizin heyətində yaşı turnirin yaş həddinə uyğun olmayan futbolçunun aşkarlanması olub. Nəticədə, yığmamız turnirdən uzaqlaşdırılıb və Rusiya azərbaycanlı tələbələrin texniki məğlubiyyəti (0:5) sayəsində daha 3 xala sahib çıxıb.
Qeyd edək ki, yığmamız dünya çempionatındakı ilk oyununda Belarusa 1:5 hesabıyla uduzmuş, Omana isə 6:5 hesabıyla qalib gəlmişdi. Rusiya isə əvvəlki oyunlarının hər ikisindən qalib ayrılmışdı.
Qrupdakı durum: Rusiya - 9 xal, Belarus, Azərbaycan - 3, Oman - 0.
