Şon Bayada: Vallettanın Qarabağ səddini keçəcəyini düşünmürəm
Maltanın "Valletta" klubunun futbolçusu Şon Bayada Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri ilk oyundan (0:1) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Ağdam klubu ilə oyun haqda nə deyə bilərsiz?
- "Qarabağ"dan fərqli, biz oyuna yaxşı başlaya bilmədik. Onlar bizdən daha yaxşı oynadılar, daha çox qol vəziyyətləri yaratdılar və qalib gəldilər.
- "Valletta" sanki meydana heç-heçə üçün çıxmışdı...
- Yox, sadəcə, oyunumuz getmədi. Malta çempionatında çox yaxşı oyunlarımız olub. Yəni, biz bu oyunda göründüyümüz qədər zəif komanda deyilik. Amma komandada yeni futbolçular var ki, onların uyğunlaşması üçün zaman lazımdı. Həm də "Qarabağ" bizə oynamaq imkanı vermirdi.
- Ağdamlıların qələbəsini ədalətli sayırsız?
- Əlbəttə. Rəqib bütün oyunboyu hücum etdi, ağıllı oynadı. Fiziki baxımdan da bizdən güclüdülər. Qol vəziyyətlərimiz oldu, amma onlardan yararlanmaq mümkün olmadı.
- Qapıçınız Nikki Vella öz qapısını əla qorudu. Bu, komandaya əlavə stimul vermirdi?
- Oyundan sonra ona öz təşəkkürümüzü bildirdik. Əlbəttə, bu, bizim üçün əlavə stimul idi. Amma qol vura bilmədik. Ən azı bir qol vurmaq istəyirdik ki, səfər oyununda nəyəsə ümid edək.
- Mərhələ adlamaq şansınızı necə dəyərləndirirsiz?
- Futbolda hər şey olur. Amma mən reallıqla barışan insanam. Düzdü, səfərdə sonadək mübarizə aparacağıq. Amma bu cür "Qarabağ"ı məğlub edəcəyimizi düşünmürəm. İstənilən halda, oynayacağıq.
- Bir halda ki, inanmırsız, onda bəlkə heç Bakıya gəlməyəsiz...
- (gülür) Yox, elə də olmaz. Biz inanırıq. Sadəcə, ilk oyundakı məğlubiyyət bizi məyus etdi. İstənilən halda mübarizəmizi sonadək aparacağıq ki, mərhələ adlayaq.
