16 iyul 2014 13:25
AZAL və Bakının sabiq üzvləri danışılmış oyuna görə cəzalandırıldı
Syerra Leone Futbol Federasiyasının rəhbərliyi yığma komandanın dörd üzvünü diskvalifikasiya edib. Azerisport.az xəbər verir ki, onlar danışılmış oyunlarda iştirak etməkdə ittiham olunurlar.
Dörd futbolçu arasında Azərbaycan futbolsevərlərinə yaxından tanış olan iki oyunçu da var. Bunlar vaxtilə "Bakı"da çıxış etmiş İbrahim Karqbo, eləcə də "Rəvan" və AZAL-da oynamış Samuel Barlaydı.
Federasiya rəhbərliyinin bu barədə yaydığı xəbərdə bildirilir ki, sözügedən oyunçular 2008-ci ildə Syerra Leone ilə Cənubi Afrika Respublikası (CAR) arasında keçirilmiş oyunun nəticəsini öncədən razılaşdırıbmışlar - 0:0. Üstündən illər keçməsinə baxmayaraq, bu qalmaqala görə 4 oyunçu ilə yanaşı, 3 hakim, eləcə də 8 federasiya rəsmisi də cəzalandırılıb. (Reuters)
