"Qarabağla oyunda müdafiə haqda düşünüb, əks-hücumlara bel bağlayacağıq"
Maltanın "Valletta" klubunun baş məşqçisi Gilbert Acius Çempionlar Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, öncə bunları söyləyib:
"Bizim əsas hədəfimiz qapımızı toxunulmaz saxlamaqdı. Oyunçularımın səviyyəsini nəzərə alsaq, rəqibimizə problem yarada bilərik. Bunun üçün bütün 90 dəqiqə ərzində oyuna maksimum konsentrasiya olmağımız lazımdı".
Acius futbolçularının durumundan da danışıb: "Futbolçular böyük həvəslə məşq edirlər. Bu oyuna mümkün qədər yaxşı hazırlaşmışıq. Yaxşı futbol sərgiləmək istəyirik. Əlbəttə, "Qarabağ"la "Valletta" arasında səviyyə fərqi var. Amma biz uduzmağa hazırlaşmırıq".
"Qarabağ"ın bir neçə dəfə Avroliqanın pley-off mərhələsinə qədər irəliləməsi çox şeydən xəbər verir. Onlar yaxşı futbol oynayırlar. Üç braziliyalı yarımmüdafiəçiləri var ki, meydanda tez-tez yer dəyişməyi sevirlər. Eyni zamanda cinah müdafiəçiləri də hücumlara qoşulurlar. Sürətli hücumçuları var", deyə 40 yaşlı mütəxəssis bildirib.
O, sonda komandamıza qarşı necə oynayacaqlarını açıqlayıb: "Qarabağ"ın yaxşı top saxlamasını və hücum etməsini nəzərə alsaq, biz daha çox müdafiəyə diqqət ayırmalı olacağıq və əks-hücumlara bel bağlayacağıq".
