Dieqo Madriqal: İnter Elfsborqdan qorxmur
"İnter"in hücumçusu Dieqo Madriqal Avropa Liqasının ikinci təsnifat mərhələsi çərçivəsində İsveç "Elfsborq"una qarşı keçirəcəkləri ilk oyun öncəsi azerisport.az saytının suallarını cavablandırıb:
- "Elfsborq"la oyundan nə gözləyirsiz?
- Çətin olacaq. Bilirik ki, bu komanda "Tiraspol" deyil. İsveçlilər çox güclüdülər.
- "Elfsborq"un hücumçusu Bekmann bizimlə söhbətində "İnter"in qrup mərhələsinə çıxacağına imkan verməyəcəklərini deyib...
- Ola bilər. Hər kəs öz fikrini açıqlamaqda sərbəstdi. "Tiraspol"un futbolçuları da Bakıdan qələbə ilə qayıdacaqlarına söz vermişdilər.
- Rəqiblə tanış ola bilmisiz?
- Bilirəm ki, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində oynayıblar. Onlara hörmətlə yanaşırıq. Amma qorxumuz yoxdu.
- "Tiraspol"la oyunda yalnız matçın sonlarında istəyinizə çata bildiniz. Buna səbəb nə idi?
- Çox çətin oyun alındı. Top qapıya getmək istəmirdi. Bu da bizi bir qədər əsəbləşdirmişdi. Bircə qol lazım idi ki, davamı gəlsin. Elə də oldu. Həm də bizi çəkindirən amillərdən biri rəqibə yalnız bir qol lazım olması idi. Çünki onlar ikinci qolu da vursaydı, bizə daha çətin olacaqdı.
- Amma "Elfsborq" belə səhvlərə az yol verəcək...
- Əlbəttə, onlar moldovalılardan daha güclüdülər. Amma istənilən halda yaxşı nəticə ilə qayıtmağa çalışacağıq.
- Kosta Rika yığmasının dünya çempionatındakı çıxışını necə qiymətləndirirsiz?
- Komandamızla fəxr edirəm. 1/4 final pis göstərici deyil. Fikrimcə, onlar öz oyunları ilə bütün dünyada özlərindən söz etdirə bildilər. Xüsusilə də İtaliya və İngiltərə üzərində qələbələri qeyd edərdim.
- Sizi niyə yığmaya dəvət etməmişdilər?
- Komandada baş məşqçi dəyişikliyi olmuşdu. Yeni baş məşqçi də mənə ehtiyac duymdı. Əks halda mən də mundialda iştirak edə bilərdim.
