"Bakıda yarım il idi pul ala bilmədiyimə görə Xəzər Lənkərana keçdim"
"Bakı"nın sabiq futbolçusu Əfran İsmayılov azerisport.az saytına müsahibəsində "Xəzər Lənkəran"a transferindən danışıb, digər sualları cavablandırıb. O, öncə "Bakı"dan ayrılmasının səbəbini açıqlayıb:
"Son yarım ildə biz "Bakı"dan pul almırdıq. Ümumiyyətlə, heç nə almırdıq. Heç bir perspektiv olmadığını gördük və getməyə qərar verdik. Artıq "Bakı"ya məxsus deyilik. Onların maliyyə problemləri var. Bu, şübhəsizdi. Çoxları bizim bu klubu tərk etməyimizə fərqli baxa bilər. Amma futbol bizim işimizdi, buradan pul qazanırıq. Kim pulsuz işləməyə razı olar ki? Şəxsən mən "Bakı"ya ürəkdən uğurlar arzulayıram. İnanıram ki, tezliklə problemləri yoluna düşər".
Əfran "Xəzər Lənkəran"a keçidini belə şərh edib: "Türkiyə klubuna da keçə bilərdim. Belə bir variant var idi. Amma transfer vərəqəmi "Bakı"dan vaxtında ala bilmədim. Ona görə də bu transfer baş tutmadı. Nəticədə, "Xəzər Lənkəran"la anlaşmalı oldum. Şadam ki, bu kluba keçmişəm. Bu, mənim üçün yeni çağırış, yeni perspektivdi".
