Böyükağa Hacıyev: Koper bizim İnter kimi komandadı
"Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev azerisport.az saytına müsahibəsində Avstriyadakı təlim-məşq toplanışından, eləcə də Avropa Liqası çərçivəsində Sloveniya "Koper"i ilə oyuna hazırlıqdan danışıb.
- Avstriyada təlim-məşq barədə danışaq. Yoldaşlıq görüşlərində futbolçuların oyunu sizi qane etdimi?
- Futbolçular böyük həvəslə məşqlərdə iştirak etdi. 3 oyunda mübarizə apardıq. Drezden "Dinamo"suyla görüşdə 1:2 hesabıyla uduzduq. İlk hissədə biz tərəfdən əsas heyət oynadı. Fasilədən sonra gənc futbolçulara şans verdik. Üstəlik, Flavinyo penalti zərbəsini vura bilmədi. Kiyev "Dinamo"suyla görüşdə əsas heyət meydana çıxdı. Görüş 2:2 hesabıyla yekunlaşdı. Rəqibin heyətində bir neçə milyonluq oyunçular çıxış edirdi. Rumınlarla oyunda gənclərı sınadıq. Hazırlıq plan üzrə keçdi.
- Bakıda hazırlıq planı nədən ibarətdi?
- Texnika və taktika üzərində işləyirik. Psixoloji amili unutmaq olmaz. Futbolçuları psixoloji cəhətdən hazırlamaq lazımdı. Silva zədəlidi. Digər futbolçular optimal formaya yaxınlaşır. "Koper"lə ilk oyuna qədər hazır olacaqlar. Avropada ilk oyun hər zaman çətin olur. Bu mənada ilk matçda yaxşı çıxış etmək üçün əlimizdən gələni edəcəyik.
- "Koper"in oyunlarına baxmısız?
- "Koper"in 5 matçının diski məndədi. Orada "Çelik"lə ilk görüş və Sloveniya çempionatından oyunlar var. Sloveniya çempionuyla oynadıqları oyunu görmüşəm. Matç 2:2 hesabıyla başa çatdı. Digər matçlara bu günlərdə baxacam. "Çelik"lə görüşlərə baxmayacam. Həmin oyunlar haqda mübahisəli informasiyalar yayılıb. Guya danışılmış oyun idi. Buna görə baxmaq fikrim yoxdu. Elə oyunla rəqibə qiymət vermək mümkün deyil.
- UEFA "Koper"i cəzalandırsaydı, "Neftçi" mübarizəyə 3-cü mərhələdən başlayacaqdı...
- Başqa klub haqda danışmaq istəmirəm. "Neftçi" heç vaxt öz xoşbəxtliyini başqasının bədbəxtliyi üzərində qurmayıb. Biz gözləmirdik ki, onlar cəzalansın və biz mübarizəsiz mərhələ adlayaq. Şanslar bərabərdi. Bakıdakı oyunda rəqibi daha yaxşı taniyacağıq. İstənilən halda məqsədimiz qələbə qazanmaqdı.
- "Koper"in oyununu görmüsüz. Komanda haqda nə deyə bilərsiz?
- Atletik futbol nümayiş etdirən komandadı. Bizim "İnter" kimi oynayırlar. 5 müdafiəçiylə çıxış edirlər. Əksər matçlarda müdafiədən oynayırlar. Hücum zamanı güclü zərbələrlə özlərini sınayırlar. Bir sözlə zəif rəqib deyil. Biz çalışacağıq ilk mərhələdə işimizi həll edək.
- "Koper" "İnter" kimi komandadısa, onda "Neftçi"yə çətin olacaq. Sizin "İnter"ə oyunlar o qədər də alınmır...
- "İnter"lə oyunlar hər zaman çətin olur. Bununla belə "Neftçi" qalib gəlir. Kubokda mübarizədə də biz üstün olduq. "Koper"i də keçməliyik. Avropa Liqasında çıxış edən hər bir komanda pley-offa yüksəlmək istəyir. "Neftçi" də mümkün qədər irəli getmək niyyətindədi.
- "İnter"lə "Qəbələ"nin ilk mərhələdəki görüşləri haqda nə deyə bilərsiz?
- Oyun günü komandamız Bakıya qayıdırdı. Ona görə baxa bilməmişəm. "Qəbələ" haqda mənə dedilər ki, səfərdə yaxşı oynayıblar. Sadəcə, ardıcıl buraxılan qollardan sonra oyunları alınmayıb. "İnter" isə iki oyunda qalib gəlməklə gücünü göstərib. Kaxaber Sxadadze Azərbaycanda işləyən ən yaxşı məşqçilərdən biridi. Mən onunla hələ o "Sioni"də çalışandan tanışam. O vaxt hər ikimizi cəzalandırmaqla tribunaya göndərmişdilər. Emosional insandı, amma yaxşı məşqçidi. 7 ildir Bakıdadı, artıq ona Azərbaycan vətəndaşlığı vermək olar.
- Veteran futbolçu İsgəndər Cavadov deyib ki, Azərbaycan klubları cari mövsüm qrupa düşə bilməyəcəklər. Siz onunla razısız?
- Onun fikrinə hörmət edirəm. Hər bir insanın fikri var. Məncə, klublarımıza inanmaq lazımdı. "Qarabağ", "İnter" və "Neftçi" mübarizəyə təzə başlayırlar. Əsas mübarizə ikinci mərhələdən başlayır. Ona görə şanslar var. Niyə bir klubumuz "Neftçi"nin uğurunu təkrarlamasın. O vaxt qrupa düşəndə deyirdilər ki, "Neftçi" bütün görüşlərdə böyük hesabla uduzacaq. Amma gördünüz ki, yaxşı mübarizə sərgilədik.
