Elnur Allahverdiyev: Hələ yaxşı ki, üç qol buraxdıq
"Qəbələ"nin müdafiəçisi Elnur Allahverdiyev azerisport.az saytına müsahibəsində Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya və Herseqovina "Şiroki Briyeq"i ilə oyunlardakı uğursuzluqdan danışıb.
- Bosniya klubu ilə cavab matçınızı Azərbaycanda çoxları görə bilmədi. O dərəcədə pis oynadız?
- Təəssüf ki, hə. Bunu etiraf etmək istəməzdim, amma gülməli qollar buraxdıq. Bundan sonra hətta nəsə danışmaq da utandırıcıdı.
- Komandanın oyununda ümidverici heç nə yox idi?
- Yox. Komanda çox zəif oynadı. Nəticə oyuna görədi. Hələ yaxşı ki, üç qol buraxdıq. Hesab daha faciəvi ola bilərdi.
- Siz bu oyunda niyə iştirak etmədiz?
- Baş məşqçinin seçimi belə oldu. Yəqin ki, öz taktiki planları var idi.
- "Qəbələ" avrokuboklarda belə debüt etmək üçün Premyer Liqada üçüncü oldu?
- Bu "Qəbələ" həmin uğuru qazanan komanda deyil. Rəqibimiz keçilməz deyildi. Mən daha güclü komandalara qarşı oynamışam. Əvvəlki heyətimiz bu komandanı keçərdi.
- Deməli, səbəb heyətdəki dəyişikliklərdi?
- Komanda sadəcə, hazır deyildi. Biz toplanışa gec başladıq. Bütün bunlar oyunumuza təsirsiz ötüşmədi. Amma kimisə günahkar çıxarmaq fikrim yoxdu. Komanda baş məşqçisini itirdi, bəzi futbolçular özləri getdi.
- Dorinel Muntyanu məğlubiyyətlə bağlı nə dedi?
- O, çox məyus idi. Özünə hörmət edən hansı məşqçi belə məğlubiyyətlə üzləşmək, debüt etmək istərdi?
- Sizə elə gəlmir ki, rumıniyalı mütəxəssisə olan etibar limiti artıq doldu və bundan sonra o, ancaq qələbələr qazanmalıdı?
- Ümid edirəm ki, "Qəbələ"nin daha belə nəticələri olmaz. O, komandanı cəmi iki həftə öncə götürmüşdü. İndi ona vaxt lazımdı. Toparlanmaq və yeni mövsümə hazırlaşmaq lazımdı. Bu məğlubiyyətlər komanda üçün xəbərdarlıq siqnalı oldu. Fikrimcə, "Qəbələ" bu mövsüm daha yaxşı edib, yenidən avrokuboklara vəsiqə qazanmalıdı.
- Klub rəhbərliyi komandanı belə uğursuz çıxışa görə cəzalandırmadı?
- Hələ ki, bilmirəm. Toplantı olmayıb. Yaxın günlərdə biləcəyik. Mümkündü ki, komanda cərimə olunsun. Belə çıxışa görə bu, qaçılmazdı.
