Salukvadze: Elfsborqun yaxşı komanda olduğunu deyirlər
"İnter"in müdafiəçisi Laşa Salukvadzenin azerisport.az saytına müsahibəsi
- Avroliqada Moldova "Tiraspol"una qarşı keçirdiyiniz cavab matçı ilə bağlı təəssüratlarınız necədi?
- Biz qələbəyə layiq idik. Topa daha çox nəzarət edirdik. Daha güclü olduğumuzu göstərmək istəyirdik. "Tiraspol"un futbolçuları oyundan öncə Bakıya qələbə qazanmaq üçün gələcəklərini deyirdilər. Bu açıqlamaları biz də eşidirdik və bu, bizi daha da güclü motivasiya edirdi.
- Həmin açıqlamaları siz də oxumusuz?
- Özüm oxumuşam. Elə sizin saytda. Onlar səhvə yol verdilər. Belə açıqlamaları ancaq qələbə qazanandan sonra vermək olardı.
- Erkən qol buraxdınız. Nə baş verirdi?
- Biz meydanın özümüzə aid hissəsində səhvə yol verdik və rəqib futbolçu da bundan yararlanıb gözəl qola imza atdı. Ademarın zərbəsi çıxarılası deyildi. Lomaya da həmin epizodda heç nə edə bilmədi. Bu qolda onun heç bir günahı yox idi.
- Oyunda dönüş yaratmağa çox gec nail oldunuz...
- Düzdü, gec oldu. Amma biz fiziki cəhətdən daha yaxşı hazırlıqlı olduğumuzu göstərdik.
- Penaltilər barədə nə deyə bilərsiz?
- Birincidə qapıçı qaydanı pozmuşdu. İkinci penalti zamanı isə rəqib futbolçu az qala Mirzağa Hüseynpuru öldürəcəkdi.
- Növbəti mərhələdə İsveç "Elfsborq"u ilə qarşılaşacaqsız. Bu komanda ilə oyunlardan nə gözləyirsiz?
- Mən isveçlilərin oyununu görməmişəm. Amma yaxşı komanda olduğunu deyirlər. Matçlarına baxmaq lazımdı. Ondan sonra bu komanda barədə daha ətraflı danışmaq olar.
- "İnter" bu oyunla Avroliqanın qrup mərhələsinə düşə biləcək?
- Öz üzərimizdə işləməyimiz lazımdı. Bizim yaxşı oyunlarımız hələ qarşıdadı. Daha yaxşı ola bilərik.
