Artyom Xaçaturov: Bakıya getməklə risk etmək istəmədim
Moldovanın "Tiraspol" klubunun və Ermənistan yığmasının müdafiəçisi Artyom Xaçaturov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakı "İnter"i ilə cavab qarşılaşması üçün Azərbaycana gətirilməməsinə münasibət bildirib. Azerisport.az xəbər verir ki, o, Moldova mətbuatına açıqlamasında öncə bunları söyləyib:
- Ermənistanla Azərbaycan arasında münasibətlər sıradan deyil. Buna görə də Bakıya getmədim, evdə qaldım.
- Azərbaycan mətbuatında belə məlumat yayılıb ki, bu ölkə sizin təhlükəsizliyinizə təminat verəcəkmiş...
- Nəyə istəsən söz vermək olar. Niyə risk edim ki? Axı bu, həyatdı. Hər şey ola bilər.
- "Tiraspol"un "İnter"i keçmək şansı var?
- Komandamızın növbəti mərhələyə adlamaq şansı qalır. İlk oyunu analiz etmişik, nəticə çıxarmışıq. Hər şey normal olmalıdı. "Tiraspol"un Bakıda "İnter"i keçəcək gücdə olduğunu deyə bilərəm.
