Neftçinin Avroliqadakı ilk rəqibi - Koper
Avropa Liqasında birinci təsnifat mərhələsinin cavab oyunları keçirilib. Azerisport.az xəbər verir ki, bu oyunlardan biri Azərbaycan Kubokunun qalibi "Neftçi"ni də yaxından maraqlandırırdı.
Məlum olduğu kimi, "ağ-qaralar" mübarizəyə birbaşa ikinci təsnifat mərhələsindən başlayacaq. Bakılıların rəqibi isə ilk təsnifat mərhələsində üz-üzə gələn Sloveniya "Koper"i ilə Monteneqro "Çelik"i arasındakı dueldə müəyyənləşməliydi. Axı "ağ-qaralar" məhz bu cütün qalibi ilə üz-üzə gələcəkdi.
Bu klublar arasındakı ilk oyun Monteneqroda keçirilmişdi. Səfərdə oynamasına baxmayaraq, 5 cavabsız qol vuran "Koper" demək olar ki, növbəti mərhələyə vəsiqəni təmin etmişdi. Cavab qarşılaşması isə formal xarakter daşıyırdı. Bu formallığa baxmayaraq, sloveniyalılar doğma meydanda da zəif rəqibinə 4 cavabsız qol vurub və "Neftçi" ilə oynayacağına rəsmən aydınlıq gətirib.
Avropa Liqası
Birinci təsnifat mərhələsi (cavab oyunu)
10 iyul
Koper - Çelik - 4:0 (ilk oyun - 5:0)
