Mindauqas Kalonas: Bakı mənə olan borcunu ödəməsə, FİFA-ya şikayət edəcəm
"Bakı"nın sabiq hücumçusu Mindauqas Kalonas bəyan edib ki, "Bakı"nın ona borcu var. Azerisport.az saytına açıqlamasında livtalı futbolçu bu borc qaytarılmayacağı halda, FİFA-ya şikayət edəcəyini açıqlayıb:
"Bakı" haqda danışmaq istəməzdim. Danışılası heç nə yoxdu. Sadəcə mənə olan borclarını qaytarmalarını istəyirəm. Fikrimcə, klubun indiki durumunu nəzərə alsaq, "Bakı" tək mənə yox, digər futbolçulara da borcludu. Mənə olan borcun dəqiq məbləğini açıqlaya bilmərəm. Bu, "Bakı" ilə mənim aramda qalsa, daha yaxşı olar".
Kalonas borcun qaytarılmayacağı halda FİFA-ya şikayət edəcəyini gizlətməyib: "Əlbəttə, FİFA-ya şikayət edəcəm. "Bakı"da olarkən komanda üçün əlimdən gələni edirdim, qol vururdum, qol ötürmələri verirdim. Amma onlar mənə qarşı düzgün hərəkət etmədilər. Bunun baş məşqçi Milinko Pantiç, ya da hansısa klub rəsmisi tərəfindən edildiyini bilmirəm. Ümid edirəm ki, "Bakı"nın indiki vəziyyəti yaxşılaşacaq. Klubun belə bir vəziyyətə düşməsini istəməzdim. Necə də olmasa, bu komandanın şərəfini qorumuşam".
Qeyd edək ki, Kalonas bundan sonra İsrailin "Hapoel" (Hayfa) klubunda çıxış edəcək. O, yeni klubuna keçidindən də danışıb: "Mən "Hapoel"ə yox, başqa komandalara da keçə bilərdim. Başqa variantlar da var idi. Amma təklifləri dəyərləndirərkən, məhz bu klubu seçməyə qərar verdim".
