"Qəbələnin Şiroki Briyeq ilə cavab oyununda möcüzə də ola bilər"
"Qəbələ"nin yarımmüdafiəçisi Elvin Camalovun azerisport.az saytına müsahibəsi
- Bosniya "Şiroki Briyeq"i ilə cavab oyunu öncəsi komandada atmosfer necədi?
- Hamımız cavab görüşündə qələbə qazanmaq istəyirik. Evdə də qalib gəlmək, stadiona toplaşmış azarkeşlərimizi sevindirmək istəyirdik. Çox təəssüf ki, bu istəyimizə çata bilmədik.
- Baş məşqçinizin sizi bu oyunda əsas heyətdə meydana buraxacağınızı gözləyirdiniz?
- Əlbəttə. Çox şadam ki, avrokuboklarda debüt etdim. Hər bir futbolçu belə bir oyunda meydanda olmaq istəyər. Yeganə təəssüfləndiyim məqam debüt matçımın belə uğursuz olmasıdı.
- Amma sizin heç Premyer Liqa təcrübəniz də yox idi...
- Bəli. Amma Dorinel Muntyanu mənə inandı. Mən də öz növbəmdə onun etimadını doğrultmağa çalışdım. Bundan sonra da özümü ən yaxşı tərəfdən göstərməyə çalışacam.
- Yəqin ki, baş məşqçi sizi yoxlama oyunlarındakı uğurlu çıxışınıza görə bəyənmişdi...
- Bütün yoxlama oyunlarında meydanda olmuşdum. Baş məşqçinin etimadını qazanmağa çalışırdım. Görünür, bu, məndə yaxşı alınıb.
- Cavab oyununda da meydana çıxacağınıza inanırsız?
- İndidən nəsə demək çətindi. Hər şey baş məşqçinin qərarından asılıdı. Amma qarşıda əsas heyətdə yer alacağım çox oyun olacaq.
- Sizcə, "Qəbələ"nin ilk oyunda belə məğlubiyyətlə üzləşməsinə nə səbəb oldu?
- Komandamız qələbəyə köklənmişdi, qalib gəlmək istəyirdik. Pis də çıxış etmədik. Çatışmayan bircə şey vardısa, o da qol idi. Pis oynamadığımızı düşnürəm.
- "Qəbələ"nin şansının olmadığını demək olar?
- Çoxları belə düşünür. Çünki ev oyununda iki cavabsız qolla uduzmuşuq. Amma hələ cavab oyunu da var. Hər şey ola bilər, bu, futboldu. Burada hərdən möcüzələr də baş verir.
