7 iyul 2014 11:34

İnterin Tiraspol səfəri, Dnestryanı münaqişəsi və SSRİ-yə qayıdış

Azərbaycan Premyer Liqasının gümüş medalçısı “İnter”in Avropa Liqasının ilk təsnifat mərhələsində Moldovanın “Tiraspol” klubuna rəqib olması komandamızın Dnestryanı bölgəyə səfərini məcburi etdi. “İnter”in səfər matçında 3-2 hesablı qələbə qazanması hamıya məlumdu. Odur ki, Dnestryanı bölgəyə səfərimin hamıya məlum olmayan məqamlarından danışmaq istərdim.

Paytaxt Kişinyovda məskunlaşdığımdan Tiraspola yalnız oyun günü yollanmalı oldum. Kişinyovdan fərqli olaraq, yolları təzə düzəldilən Dnestryanı Moldova Respublikası “müstəqil dövlət”inə səyahət cəlbedici görünürdü. Təsəvvür edin, Moldovanın daxilində kiçik tanınmamış Respublika yaradılıb. Sərhəd keçid məntəqəsini keçərkən həm maşınlar, həm də adi insanlar diqqətlə yoxlanılır. Hamıya daimi olmayan miqrasiya kartları verilir. Əgər sənin sərhədi keçəndən sonra yaşayacağın məkan məlum deyilsə, Dnestryanı Moldova Respublikası “müstəqil dövlət”ində 10 saatdan artıq qala bilməzsən. Mütləq sərhədi keçəndə yaşayacağın ünvan barədə sənəd təqdim olunmalıdı. Maraqlıdı ki, Tiraspolu tərk edərkən artıq yoxlama məntəqəsi yoxdu. Adi qaydada sərhəd keçilərək Kişinyova ayaq basırsan.

Öncə Dnestryanı Moldova Respublikası “müstəqil dövlət”i nə deməkdir? Bu münaqişə haqda qısaca danışmaq istərdim. Bütün problemlər Moldova parlamentinin 1989-cu ildə dillə bağlı qərarı qəbul edərək, moldovan dilini dövlət dili elan etməsi, əlifbanı Kiril qrafikasından latın qrafikasına dəyişməsiylə başlayıb. Dnestryanı əhali qərarı ölkədə yaşayan digər millətlərə hörmətsizlik kimi qiymətləndirib. Bununla da müqavimət hərəkatı başlanıb. 1990-cı il sentyabrın 2-də bölgədə referendum keçirilib və SSRİ-nin tərkibində Dnestryanı Moldova Muxtar Respublikası təsis edilib. 1992-ci ilin yayında Bender və Dobossar şəhərləri arasında döyüşlər olub, 700-ə yaxın insan həyatını itirib. İyulun 22-də Rusiya və Moldova rəhbərləri atəşkəs haqqında saziş imzalayıb. Atəşkəs sənədinə əsasən təhlükəsizlik zonası yaradılıb. O vaxtdan Moldova, Dnestryanı və Rusiyadan olan hərbçilər bölgədə sülhü qorumağa başlayıb. Beynəlxalq təşkilatlar təbii ki, yalnız Moldova Respublikasını tanıyır.

Sərhədi keçəndən sonra özümü SSRİ-də hiss etməyə başladım. Yaşım sovet dövrünü yaxşıca hiss etməyə imkan verməsə də, “Tiraspol” ilə oyuna qədər o dövrə qayıtdım. Şəhərin girişində Vladimir İliç Leninin böyük abidəsini görəndə tamamilə çaşdım. “Lenini tanıyırsınız, baxın bu Vladimir İliçdi. İrəlidə Suvoruvu da görəcəksiz” – deyən maşının sürücüsü tanınmamış Respublika haqda məlumat verməyə başladı. Bizi darıxmağa qoymayan sürücü az sonra yenidən təəccübə səbəb oldu. Maşındakı maqnitafonu yandıranda Ələkbər Tağıyevin “Sən gəlməz oldun” mahnısı səsləndi. Dərhal dözməyərək ona sual verdim ki, bəs bilirsiz bu Azərbaycan mahnısıdı. Təmkinini pozmayan sükan sahibi bu musiqiyə tez-tez qulaq asdığını deməklə kifayətləndi.

Tiraspolda çox ucuzluqdu. Bu da əhalinin çox kasıb olmasıyla əlaqədardı. Buranı SSRİ-nin kiçik şəhərlərindən biri adlandırmaq olar. Tanınmamış Respublikanın öz vahid pulu, öz mobil operatoru var. Vahid pul təəccüblü olmasa da, rubl adlanır. Bu pul yalnız kiçik Tiraspolda işləyir. Tanınmamış Respublikanın öz pasportları var. Vətəndaşlar bu pasportla yanaşı həm də Moldova pasportunu daşımağa məhkumdu. Çünki, ölkə xaricinə yalnız Moldova pasportuyla çıxmaq mümkündü. Küçələrdə bütün yazılar rus dilindədi. Moldovan dilində heç bir yazıya rast gəlmədik. Yaşayış və inzibati binalar SSRİ yadigarıdı. Bəzi yerlərdə müasir tikililəri görmək olar. Rusiya buranı öz şəhərlərindən birinə oxşadıb. Kiçik maqazinlər, balaca restoranlar, o dövrün dayanacaqları. Sanki, 90-cı illərin Bakısı xatırlanır. Narahat “Qazel”lərdən indidə istifadə olunur.

Bu ərazini tanıtmaq üçün futbola böyük yatırımlar edilir. Tanınmamış Respublikanın “Şerif” və “Tiraspol” adlı futbol klubları var. Son mövsüm “Şerif” ölkə çempionatının çempionu olub. “İnter”in rəqibi isə gümüş mükafatçıdır. “Şerif”in bazası haqda ayrıca danışmaq olar. Bura 13000 və 11000 tutuma malik iki müasir arena, 4 məşq meydançası, hovuz kompleksi, müayinə diaqnostika mərkəzi və sair daxildi. Klubların illik büdcəsi 4 milyon dollardan artıqdı.

Bizi stadiona aparan rus sürücü Bakıdan olduğumuzu biləndə xeyli kövrəldi. Sovet dövründə hərbi xidməti Lənkəran yaxınlığında etdiyini deyən sürücü Azərbaycanla bağlı xatirələrini bölüşdü: “O vaxtlar Azərbaycanda olmuşam. Hərbi xidmətdən sonra 2 dəfə Naftalana gəlmişəm. Müalicə almaq üçün. Deyirlər indi çox bahalaşıb. Azərbaycanın məşhur musiqiçiləri olub. Maqamayev, Behbudovu demək bəs edər". Tanınmamış Respublikada yaşayış səviyyəsi barədə soruşanda ağsaqqal çətin olduğunu dedi. Onun sözlərinə görə Ukraynadakı məlum hadisələrdən sonra yaşayış çətinləşib. Amma burada doğulduğundan harasa getmək barədə heç düşünmür. Rusiyanın bu əraziləri nəzarətdə saxladığını etiraf edən sürücü burada moldovanlar, ruslar və az sayda ukraynalıların yaşadığını dedi.

Tanınmamış ərazinin mərkəzi küçələrində postlar qurulub. Əli avtomatlı hərbçilər həmin postlara nəzarət edir. Hər postda avtomatla hərbçini görmək yerli əhalinin də narahat yaşadığını sübut edir. Valyuta dəyişmə məntəqələrində Moldovanın pul vahidi olan “ley” qəbul edilmir. Dollar, avro olar, amma ley olmaz. Eyni zamanda Moldovada işləyən mobil operatorların burada fəaliyyəti problemlidi.

Sözsüz ki, Kişinyovda yaşayanlar Tiraspolda baş verənlərdən xəbərdardı və narahatdı. Moldovada tanınmamış Respublikanın yaranması heç bir moldovalının ürəyincə ola bilməz. Kişinyovda yaşayanlar etiraf etməsələr də, Tiraspola gedərkən ciddi yoxlandıqlarından razı deyillər. Məskunlaşdığım oteli tərk edərkən, qeydiyyata nəzarət edən Marina “İnter”ə uğurlar arzulamaqla “Tiraspol”a azarkeşlik etməyəcəyini cəsarətlə söylədi: “Tiraspol bizlik deyil. “İnter”ə dəstək oluruq. Qoy, sizin komandanız növbəti mərhələyə keçsin.”

“İnter”in Bakıda da qələbə qazanacağı ümidiylə

Sənan Şəfizadə, Moldovadan azerisport.az üçün

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.