Nfor: Yeni mövsümdən öz mövqeyimdə çıxış edəcəm
"Neftçi"nin hücumçusu Ernest Nforun azerisport.az saytına müsahibəsi
- Sloveniya "Koper"inin Monteneqroda yerli "Çelik" üzərində 5:0 hesablı qələbəsini necə qarşıladız?
- Normal. Bu nəticə bizim Avroliqanın növbəti mərhələsində məhz "Koper"lə qarşılaşacağımızdan xəbər verir. Çətin ki, "Çelik" bu nəticəni dəyişə bilsin. Sloveniya təmsilçisi ilə oyuna hazırlaşırıq.
- Bu nəticə sizi qorxutmur?
- Xeyr. "Koper" Milan "İnter"i deyil ki. Avroliqaya ikinci təsnifat mərhələsindən başlayacağıq. Deməli, rəqib bizdən aşağı səviyyəli komandadı. Sadəcə, ciddi hazırlaşmaq və bu komandanı məğlub etmək lazımdı.
- Bəs "Neftçi" indi hansı vəziyyətdədi?
- Fiziki baxımdan komanda yaxşı vəziyyətdədi. İndi bizə sadəcə, çoxlu oynamaq lazımdı. Fikrimcə, ilk oyuna kimi hazır olacağıq.
- Yoxlama oyunlarında fərqli nəticələr göstərməyinizə səbəb nədi? Öncə Kiyev "Dinamo"su (Kiyev) ilə sülh bağladız (2:2). Ardından Rumıniya "Botoşani"sinə (0:3) və Drezden "Dinamo"suna (1:2) məğlub oldunuz...
- Kiyev klubu ilə oyun çox çətin alındı. Amma biz yaxşı oyun sərgilədik. Xeyli güc sərf etdik. Növbəti oyunlarda isə daha çox gənclər oynadılar. Almanlara bərabər mübarizə şəraitində uduzduq. Flavinyo hətta penaltini dəyərləndirə bilmədi. Ondan yararlansaydıq, məğlub olmayacaqdıq.
- Kiyev "Dinamo"suna qarşı sərgilədiyiniz oyunu ən yaxşı sayma olar?
- Olar. Əgər bu oyunun 70-80 faizini göstərə bilsək, "Koper"i keçərik. Yaxşı komandamız var. Burada əla futbolçular çıxış edirlər.
- "Botoşani" ilə oyunda davaya nə səbəb oldu?
- Mən bunun stressdən irəli gəldiyini düşünürəm. "Neftçi"nin futbolçusu səhvini başa düşməli və bir daha bunu təkrarlamamalıdı. Ümumiyyətlə, mən inanmıram ki, hansısa futbolçu karyerası ərzində iki dəfə belə bir hərəkət etsin.
- Növbəti mövsümdə "Neftçi"nin əsas forvardı olacaqsız. Buna hazırsız?
- Ötən mövsüm çıxdığım oyunların 80 faizini ikinci hücumçu keçirdim. Yeni mövsümdən əvvəlki mövqeyimə qayıdacam. İddialıyam, özümdən çoxlu qollar gözləyirəm.
