Şpiçiç: Berti Foqts məni Azərbaycan yığmasında görmək istəyir
"İnter"in müdafiəçisi Matiya Şpiçiç Xorvatiya mətbuatına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
- Azərbaycanda işləriniz necə gedir?
- Əvvəllər Azərbaycandakı yaşayışla bağlı şübhələrim vardı. Baxmayaraq ki, hər şey o qədər də pis deyildi. Bir il sonra anladım ki, Azərbaycandakı həyat mən təsəvvür etdiyimdən fərqlənir.
- Ötən mövsümü sizin üçün uğurlu saymaq olar?
- Bəli. Baxmayaraq ki, mövsümə pis başlamışdıq. Amma sonda Avropa Liqasına vəsiqə əldə etdik. "İnter" hər mövsüm avrokuboklarda iştirak edir. Bu dəfə yola ilk təsnifat mərhələsindən çıxmışıq.
- Şayiələr gəzir ki, Azərbaycan yığmasının baş məşqçisi Berti Foqts sizi milliyə dəvət etmək istəyir. Bu, baş versə, siz AÇ-2016-nın seçmə mərhələsində Xorvatiya yığmasına qarşı oynaya bilərsiz...
- Mən bu haqda hələ iki ay öncə eşitmişəm. Komanda yoldaşlarım hətta buna görə mənlə zarafatlaşırdılar. Berti Foqtsun "İnter"in baş məşqçisiylə söhbət etdiyini bilirəm.
- Bu dəvəti qəbul edəcəksiz?
- Bu, böyük şərəfdi. Amma düşünmək üçün vaxt lazımdı. Əlbəttə, mən Xorvatiya yığmasında çıxış etməyi istərdim. Bu, hər bir kəsin arzusudu. Axı U-15-dən U-21-dək bütün yığmalarda çıxış etmişəm.
- Son illər Azərbaycan çempionatı daha da ciddi liqaya çevrilməkdədi...
- Burada hər kluba multimilyonerlər rəhbərlik edirlər. Bizim kluba Azərbaycanın ən böyük banklarından (Azərbaycan Beynəlxalq Bankını nəzərdə tutur - red.) biri sponsorluq edir. "Neftçi"yə böyük neft şirkəti (SOCAR) sponsorluq edir. "Xəzər Lənkəran"ın sahibi neft tankerləri hazırlayır. Legionerlər bura çox axın edirlər. Çünki Azərbaycan klubları üçün onlara maaş vermək problem deyil. Burada vaxtilə tanınmış klublarda oynamış güclü futbolçular var. Məsələn, "Qarabağ"dakı Reynaldo Belçika "Anderlext"indən gəlib. "Bakı"dan Ruben 2002-ci ildə "Real"la Çempionlar Liqasını qazanıb. Belələri indi çoxdu.
- Ən çox maaş alan futbolçu təxminən nə qədər qazanır?
- Təxminən, ilinə 800 milyon avro. Burada ümumiyyətlə, idmana çoxlu pul qoyulur. Bakıda müxtəlif beynəlxalq turnirlər keçirilir. 17 yaşadək qızlar arasında dünya çempionatı burada keçirildi. Futzal, voleybol üzrə turnirlərin final mərhələləri Bakıda baş tutdu. Müasir Bakı Dubaya bənzəyrir. Azərbaycanda ən məşhur investorlardan biri "Bakı"nın prezidenti Hafiz Məmmədovdu. O, Madrid "Atletiko"sunun sponsorudu. Hansı ki, formalarında Azərbaycanı reklam edirlər. Bu yaxınlarda İngiltərənin "Şeffild Uensdey" klubunu da təxminən 50 milyon avroya aldı. Eşitmişəm ki, onun növbəti hədəfi Argentinanın "River Pleyt" klubunu almaqdı.
(VL)
