Abışov: Bosniyada möcüzə edə bilərik
"Qəbələ"nin müdafiəçisi Ruslan Abışov Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bosniya "Şiroki Briyeq"inə qarşı keçirdikləri oyundan (0:2) sonra azerisport.az saytının suallarını cavablandırıb:
- Məğlubiyyət nə ilə əlaqədardı?
- Bu, bizim avrokuboklardakı ilk oyunumuz idi. Eyni zamanda bu mövsümdəki ilk matçımıza çıxmışdıq. Həm də biz bu oyuna hazırlığa gec başlamışdıq. Baş məşqçi cəmi iki həftədi komandaya rəhbərlik edir. Bunlar hamısı sözünü dedi. Xüsusilə yorğunluq özünü göstərdi. Son 20 dəqiqədə komandanın oyunu getmirdi.
- "Qəbələ" qalib gələ bilərdi?
- Yəqin ki. Amma dediyim kimi, ikinci hissədə biz yorulduq. Bir tərəfdən bu, normaldı. Çünki biz hazırlığa gec başlamışdıq.
- Bu məğlubiyyətdən sonra şanslarınızı necə dəyərləndirirsiz?
- Ümidimizi itirmirik. Toparlanıb, sona kimi mübarizə aparacağıq. Bosniyaya elə-belə getməyə hazırlaşmırıq.
- Bu oyun həm də "Qəbələ"nin heyət baxımından kasıblığını göstərdi...
- Bəli, bizim elə 11 nəfərlik start heyətimiz var. Sanki, ehtiyat qüvvə yoxdu. Bu da məğlubiyyətdə öz sözünü dedi.
- Cavab matçına da bu heyətlə çıxacaqsız?
- Başqa kim var ki? Elə bu 11 futbolçudu.
- Səfərdən yaxşı nəticə ilə qayıtmaq üçün nə etmək lazımdı?
- Əgər yaxşı ehtiyat qüvvəmiz olsaydı, nəyəsə ümid etmək olardı. Amma istənilən halda ümidimizi itirmirik. Möcüzə baş verə bilər.
