Cihan Özkara: Türkiyədə Türkiyə pasportu ilə oynayıram
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Sivasspor" klubunun hücumçusu Cihan Özkaranın azerisport.az saytına müsahibəsi
- Yeni mövsümün hazırlığına nə vaxt başlayacaqsız?
- Komanda bu gün bir araya gəlib. Hazırlığa Sivasda başlayacağıq. Daha sonra xaricə yollanacağıq. Yəqin ki, Hollandiyaya.
- Dünya çempionatını izləyirsiz?
- Əlbətə, bunu necə buraxmaq olar? Sensasiyalar çoxdu. Bundan sonra da olacağı istisna deyil.
- Kimə azarkeşlik edirsiz?
- Kolumbiya və Fransaya.
- Cihan Xames Rodriqes kimi yeni mövsümün tapıntısı ola biləcək?
- Allah eləsin (gülür). Bu mövsüm mənim üçün fərqli olmalıdı. Bunu çox istəyirəm.
- AÇ-2016-nın seçmə mərhələsindəki rəqiblərimizin DÇ-dəki çıxışını necə şərh edə bilərsiz?
- Gəlin final və seçmə mərhələ oyunlarını bir-biri ilə müqayisə etməyək. İndiki mundial elədi ki, hər gün sensasiya görmək olur. Amma bu, o demək deyil ki, seçmə mərhələdə hamı məsələn, Əlcəzair kimi oynayacaq.
- Yəni Azərbaycandan İtaliya və Xorvatiya ilə oyunlarda sensasiya gözləməyə dəyməz?
- Onlar qrupumuzun favoritləridi. Qoy bu komandaların DÇ-dəki çıxışı heç kimi yanıltmasın. Amma inanıram ki, biz istənilən halda bütün rəqiblərimizə qarşı layiqli oyun göstərə, xal qazana biləcəyik. Bu, mümkünsüz deyil.
- Yeni mövsümdə azərbaycanlı futbolçuların Super Liqada, türk oyunçuların isə Premyer Liqamızda legioner statusu olmadan çıxış etməsi mümkündü. Bunu bilirdiz?
- Bunun mənə aidiyyatı yoxdu. Mən onsuz da Türkiyədə Türkiyə pasportu ilə oynayıram. Amma bütövlükdə, belə bir şey əla olardı. Bu, Azərbaycan yığmasının üzvlərinin Türkiyəyə yolunu açardı. Türkiyə klubları da limiti düşünmədən, onları almaqda maraqlı olacaq. Türkiyə Super Liqasında nə qədər çox futbolçumuz oynasa, bir o qədər yaxşı olardı.
- Sizcə, yığmamızın üzvləri Super Liqada özlərini göstərə bilərlər?
- Super Liqada oynaya biləcək futbolçularımız çoxdu. Hər şey oyunçuların özündən asılıdı. Sən Super Liqada oynamağa layiq olduğunu sübut etməlisən.
