Asif Məmmədov: İnterin qrup mərhələsinə düşməsi üçün əlimizdən gələni edəcəyik
"İnter"in yarımmüdafiəçisi Asif Məmmədovun azerisport.az saytına müsahibəsi
- "İnter"i "Tiraspol"la oyuna tam hazır hesab etmək olar?
- Artıq xeyli müddətdi təlim-məşq toplanışındayıq. Oyunçular artıq bir-birinə alışıblar. Ona görə hazır olduğumuzu düşünürəm.
- Cütün favoriti "İnter" sayılır. Bununla razısız?
- Dünya çempionatında da hamı İspaniyanı favorit sayırdı. Amma DÇ-ni ilk tərk edənlərdən də biri məhz bu komanda oldu. Ona görə də indi dünya futbolunda favorit qalmayıb. Bizim cütdə də kimin favorit olduğuna iyulun 10-da aydınlıq gələcək.
- Bəs "İnter"in "Tiraspol"la oyunlarda nə kimi üstünlüyü var?
- Mən hələ heç bir üstünülük görmürəm. Şanslar bərabərdi. Növbəti mərhələyə adlamaq üçün həm bizim, həm də onların şansı var.
- Azərbaycan klublarının Modlova təmsilçiləri ilə oyunlarının statistikası heç də bizim xeyrimizə deyil...
- Elədi. "Xəzər Lənkəran" iki dəfə Moldova klublarıyla düşüb, mərhələ keçə bilməyib. Amma bu, sadəcə, statistikadı. Hesab edirəm ki, bizim bu xoşagəlməz ənənəyə son qoymaq şansımız var.
- "İnter"in Avroliqanın qrup mərhələsinə çıxmaq vaxtı deyilmi?
- Yaşayarıq, görərik. Bunun üçün əlimizdən gələni edəcəyik. Ən azı iki mərhələ keçmək istəyirik.
- Komandanız hələ də hücumçu problemini həll etməyib. Bu, oyununuza təsir göstərməyəcək?
- "İnter"in Baçana Sxadadze və Dieqo Madriqal kimi hücumçuları var. Hesab edirəm ki, onlar kifayətdi.
- Vaqif Cavadovun gedişini necə qarşıladız?
- Bu, onun seçimidi. Yalnız uğur arzulaya bilərəm. Qoy Azərbaycanı Türkiyədə layiqincə təmsil etsin. Vaqif "İnter" üçün qiymətli oyunçu idi, bizə çox köməyi dəydi.
