Amisulaşvili: Hədəfimiz Tiraspolu keçməkdi
"İnter"in yeni transferi Aleksandr Amisulaşvili azerisport.az saytına müsahibəsində yeni klubundan, Avropa Liqasındakı ilk rəqibindən danışıb.
- "İnter"ə keçidin necə alındı? Rusiya çempionatından Azərbaycan Premyer Liqasına keçmək təəccüblü oldu...
- 1 ay əvvəl Bakı klubundan təklif aldım. Keçidimdə baş məşqçi Kaxaber Sxadadzenin rolu böyük oldu. Onun kimi məşqçiylə çalışmaq hər zaman maraqlıdı. "İnter" də dostlarım oynayır. Üstəlik, Azərbaycan çempionatı son illər inkişafdadı. Nəticələrdən, rəqabətdən xəbərim var. Həm də istəyirdim evimə daha yaxın ölkədə işləyim. 2 övladım var. Üçüncü uşağı gözləyirik. Bakı bizə yaxındı. Gedib gəlmək rahat olacaq.
- Azərbaycana gəlişini geriyə addım kimi qiymətləndirənlər var. Sən necə düşünürsən?
- Ola blər kimsə elə düşünür. Amma mən bu fikirdə deyiləm. Özümü Azərbaycanda sınamaq istədim. Zaman göstərəcək geriyə addım, yoxsa düzgün qərar idi. Rusiya çempionatı güclüdü. Bu barədə danışmağa ehtiyac yoxdu.
- "İnter"də məşq etmisən. Bizim klubları və çempionatı müqayisə edə bilərsən?
- Dostlarım Azərbaycandakı çempionatdan danışıblar. Güclü heyətləri var. Bəzilərində tanınmış legionerlər çıxış edir. Rusiya ilə müqayisə etmək düzgün olmazdı. Rusiya çempionatı çox güclüdür. Artıq Avropada tanınır və izlənilir. Böyük marağa malikdi. Azərbaycanda hər şey indi inkişaf edir. Mənə bir qədər vaxt lazımdı. Çempionat start götürsün sonra təəssüratlarımı bölüşərəm.
- Siz həm də Türkiyədə oynamısız. Cəmi 8 ay. Niyə belə az?
- "Kayserispor"da oynamışam. Türkiyədə heç bir problem yox idi. 8 ay oynamağımın 2 səbəbi var idi. İlk olaraq ailəmə orada yaxşı deyildi. Türkiyədə yaşaya bilmirdilər. Digər tərəfdən Rusiyadan aldığım təklif çox sərfəli idi. Ona görə Rusiya klubuna keçdim.
- Yeni komandanızda ilk sınağınız Moldovada olacaq. "Tiraspol" səddini keçmək çətin olmayacaq ki?
- Rəqibin oyunlarını təhlil etmişik. Hücum futbolu oynayırlar. Mövsümdə ilk oyun hər zaman çətin olur. Bu mənada asan mübarizə gözlənilmir. Ona görə Moldovakı görüşdə çox şeyi həll etmək lazımdı. İlk hədəfimiz "Tiraspol"u keçməkdi. Bu mərhələni adlamalıyıq.
- "İnter"i büdcəsinə və heyətinə görə favorit saymaq olar?
- Hər bir komandaya hörmətlə yanaşmaq lazımdı. İndi futbolu bacarmayan yoxdu. Ev oyununda onlar qol vurmağa çalışacaq. Biz münasibət nəticəni əldə etməliyik. Unutmayaq ki, iki oyunun nəticəsinə görə qalib müəyyənləşir. İstəməzdim ilk mərhələdə mübarizəni dayandıraq. Bu, çox pis olardı.
- "İnter"in cari mövsüm Azərbaycan çempionatındakı çıxışından xəbərin var?
- Əlbəttə, komanda gümüş medalları qazanıb. Azərbaycan çempionu "Qarabağ" olub. Mükafatçılardan xəbərim var. Çox maraqlı mövsüm keçib. "İnter" çempionata yaxşı başlamasa da sonradan toparlanıb. Komandada birlik var. Heyətdə vahid olanda uğur qazanmaq asan olur.
