Abatsiyev: Moldova klubları ilə olan sindromu qırmaq lazımdı
"İnter"in müdafiəçisi Abdulla Abatsiyev azerisport.az saytına müsahibəsində komandanın hazırlığından, "Tiraspol"a qarşı şanslardan və moldovalı futbolçu Aleksey Savinovun fikirlərindən danışıb.
- Moldovaya gəlməzdən öncə "Tiraspol"un oyununa baxmısız. Rəqib haqda nə demək olar?
- Komandayla birgə rəqibin oyununa baxdıq, oyun epizodlarına fikir verdik. "Tiraspol" yaxşı futbolçulara malik klubdu. İnformasiya toplamışıq, fikrimcə, rəqibi yaxşı təhlil etmişik. "İnter"lə onları müqayisə etmək istəməzdim, ilk oyundan sonra görərik. Bizim məqsədimiz ilk görüşdə qələbə qazanmaqdı.
- "Tiraspol" evdə daha yaxşı oyun sərgiləyir. "İnter"in ilk matçda müdafiə futbolu oynayacağını söyləmək olar?
- Biz qələbə istəyirik. Oyun zamanı necə olacağını söyləyə bilmərəm. Yaxşı olardı ki, qol buraxmayaq və özümüz fərqlənək. Sirrlərimizi açmaq istəməzdim. Bizim komanda yaxşı hazırlıq keçib. Moldovaya gəlməkdə məqsədimiz ikinci mərhələyə olan iddiamızı göstərməkdi.
- Moldova futbolunun Azərbaycandan geri olduğu deyilir. Bu baxımdan komandanız bu mərhələni keçməyə sadəcə, borcludu...
- Maliyyə baxımından müqayisə etmək istəməzdim. Əlbəttə, əksəriyyət Azərbaycan futbolunun irəlidə olduğunu söyləyir. Bunu klubların oyununda müqayisə etmək yaxşı olar. Biz "Tiraspol"u oyunda görməmişik. İlk oyunda kimin nəyə qadir olduğu görünəcək.
- "Bakı" klubunun sabiq moldovalı futbolçusu Aleksey Savinov "Tiraspol"u "Qarabağ"la müqayisə edib...
- Savinovun fikri öz düşüncəsidi. Onun fikri yanlışdı. Əgər Savinov "Qarabağ"ın hər oyununu görsəydi, belə fikir söyləməzdi. Bu, düzgün təhlil deyil. Bu komandalar çox fərqlidi. Moldova təmsilçisi müdafiəyə daha çox diqqət yetirir. Adətən hücuma müdafiədən qoşulur.
- Cari mövsüm "İnter"in Avropa Liqasında hədəfi barədə danışardız. Komanda pley-offa qədər irəliləyə bilər?
- İmkan daxilində irəli getmək lazımdı. Məşqçilər bizə söyləməyib ki, 1-2 mərhələ keçin, kifayət edəcək. "İnter" hər zaman böyük məqsədləri olan komanda olub. Sadəcə, addım-addım irəliləmək lazımdır. Gəlin Moldova klubunu məğlub edək, sonra İsveç təmsilçisi haqda danışaq. Yəni, ilk mərhələni keçmədən hədəfləri söyləmək çətindi.
- "İnter"in hücumda problemi olduğu hamıya məlumdu. Güclü müdafiəsi olan "Tiraspol"a qol vurmaq çətin olmayacaq ki?
- Hazırlıq zamanı yarımmüdafiəçilərimiz də qol vurub. "İnter"də qol vurmaq əsas hücumçuların işi deyil. Meydanda olan hər bir futbolçu qol vurmağa kömək edir. Fikrimcə, ilk dəqiqələrdən öz oyunumuzu göstərsək, istəyimizə nail olacayıq. Moldova klublarıyla oyunlar çətin olsa da, sindromu qırmaq lazımdı.
- Mundial haqda danışaq. Dünya çempionatında çıxış edən Azərbaycan millisinin AŞ-2016-nın seçmə mərhələsindəki rəqibləri haqda nə fikirdəsən?
- İtaliya yaxşı heyətə və futbol ənənəsinə malikdi. Kosta Rika göstərdi ki, istənilən komandaya qarşı oynamaq olar. İtaliyadan çəkinmək lazım deyil. Aydın məsələdi ki, rəqib titulludu. Ulduz futbolçuları var. Azərbaycan özünü göstərməlidi. Niyə Kosta Rika kimi oyundan sonra hamı bizim əzmkarlıqdan danışmasın? Necə xal götürəcəyimizi deyə bilmərəm. Nəzərə alaq ki, İtaliya millisində ciddi dəyişiklik olacaq. Onlar iki oyundan 6 xal götürəcəklərinə əmin olacaqlar. Sürpriz etmək lazımdı.
- Xorvatiya millisi açılış oyununda Braziliyaya qarşı gözəl oyun sərgilədi...
- Xorvatiyadan danışırıq. Amma Bolqarıstan, Norveçi unuduruq. Siz elə bilirsiz Norveçlə oyun asan olacaq. Ümumiyyətlə, Azərbaycanın yer aldığı qrup ən çətindi. Rəqiblər bir-birindən ciddi fərqlənmir. Onlarla oynamaq çətin olacaq. Ardıcıl matçlar zamanı isə gərək xüsusilə hazırlıqlı olaq. Təkcə İtaliya və Xorvatiya ilə iş bitmir. Qrupdakı hər bir rəqibimiz qələbəyə köklənəcək.
