"Vaqif Cavadovun Türkiyə klubuna keçidi geriyə addımdı"
Azərbaycanın veteran futbolçusu İsgəndər Cavadov avrokuboklardakı klublarımızın şanslarını dəyərləndirib. Azerisport.az saytına müsahibəsində o, öncə bunları söyləyib:
"Öncə qeyd etməliyəm ki, püşkatma zamanı bütün komandalarımızın bəxti gətirdi. Biz bütün rəqiblərimizi keçməyə borcluyuq. Bu, bütün klublarımıza aiddi".
Xatırladaq ki, son çempion "Qarabağ" Çempionlar Liqasında Malta "Valletta"sıyla qarşılaşacaq. Avropa Liqasındakı təmsilçilərimizdən "İnter" Moldova "Tiraspol"u, "Qəbələ" Bosniya "Şiroki Briyeq"i ilə qarşılaşacaq. İkinci təsnifat mərhələsindən mübarizəyə başlayacaq "Neftçi" isə "Koper" (Sloveniya) - "Çelik" (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq.
"İnter" elə ilk oyunda 1:0 və ya 2:0 hesabıyla qalib gəlməlidi. Mən özüm SSRİ dönəmində moldovalılara qarşı oynamışam. "İnter" həmin komandalara qarşı heç nə edə bilməzdi".
Cavadovun sözlərinə görə, komandalarımızın ilk rəqibləri asan olsa da, onlar qrup mərhələsinə vəsiqə qazana bilməyəcəklər: "Mən bütün klublarımıza uğurlar arzulayıram. Nəhayət, onlar qrup mərhələsinə də vəsiqə qazanmalıdılar. Amma bunun hansısa klubumuza müyəssər olacağına inanmıram".
Cavadov həmçinin yığmamızın forvardı Vaqif Cavadovun Türkiyənin "Qaziantep BB" klubuna keçidinə də münasibət bildirib: "Vaqifin Türkiyə PTT 1-ci Liqasına keçidi geriyə addımdı. Azərbaycan yığmasının futbolçusu Türkiyə Super Liqasında çıxış etməlidi. Bu, Mahir Şükürova da aiddi. Təəssüf ki, bizim futbolçular ancaq öz çempionatımıza uyğun gəlirlər. Xaricdə oynayacaq keyfiyyətləri yoxdu".
