Təvəkkül Məmmədov: Yəqin ki, Rusiyaya gedən futbolçularımızın bəxti gətirmir
"Sumqayıt"ın yeni transferi Təvəkkül Məmmədovun azerisport.az saytına müsahibəsi
- "Sumqayıt"a keçidiniz necə alındı?
- Hər şey çox sürətli və yaxşı alındı. "Sumqayıt"a keçməyim xoş oldu. Artıq hər şey öz əlimdədi.
- Klub rəhbərliyi ilə söhbətdə nələrdən danışdız?
- Komandadan və hədəflərdən danışdıq.
- Rusiyada özünüzü kifayət qədər yaxşı göstərmisiz. Sizi başqa klublar da istədiyi halda niyə məhz "Sumqayıt"ı seçdiz?
- Ailəm belə istədi. Ümumiyyətlə, ailəm karyeramda böyük rol oynayır.
- Başqa hansı variantlar var idi?
- Düzünü desəm, başqa variantların heç biri konkret deyildi.
- "Sumqayıt"a potensial tramplin gözüylə baxırsız?
- Mən, sadəcə, bu komandada yaxşı çıxış etmək istəyirəm. Təbii ki, hər futbolçu daha güclü klublarda oynamağı arzulayır.
- Komanda yoldaşlarınız sizi necə qarşıladılar?
- Çox yaxşı. Hiss edirəm ki, gənc və perspektivli komandamız var.
- "Torpedo"dan olan sabiq komanda yoldaşlarınız sizinlə əlaqə saxlayırlar?
- Əlbəttə. Təbrik etdilər. Qəzetlər də haqqımda yazmışdılar.
- Sizcə, azərbaycanlı futbolçular niyə Rusiyada çıxış edə bilmirlər?
- Heç kim barəsində pis danışa bilmərəm. Yəqin ki, oyunçularımızın bəxti gətirmir.
- Azərbaycanda özünüzü yaxşı göstərə bilsəz, Rusiyaya qayıtmağınız mümkündü?
- Zaman göstərəcək.
