Aslan Kərimov: Qarabağ mərhələ keçəcək, Qəbələnin isə problemi ola bilər
15 yaşlılardan ibarət Azərbaycan yığmasının baş məşqçisi, veteran futbolçu Aslan Kərimov avrokubokların püşkünün nəticəsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Biz komandayla Moldovadan qayıtmışıq. Orada çox gözəl infrastruktur var. "Tiraspol"un normal bazası və şəraiti var. Ona görə "İnter" üçün asan olmayacaq. Heyətdə dəyişikliklər etdikləri üçün gərgin mübarizə gözləyirəm. Digər rəqiblərə gəlincə, "Qarabağ" Malta çempionundan üstündü. "Qəbələ"də baş məşqçi və heyətdə dəyişikliklər olduğuna görə problem ola bilər. Yeni məşqçiyə öz oyununu aşılamaq üçün vaxt gərəkdi. "Neftçi"yə gəlincə, həm Sloveniya, həm Monteneqro təmsilçisinə qarşı oynaya bilər. "Neftçi"də Rəşad Sadiqovun gedişini qeyd etməliyəm. Yeni futbolçuların tez bir zamanda heyətə uyğunlaşması hər zaman alınmır. İstənilən halda, heyət və büdcə baxımından klublarımız ilk rəqiblərini üstələyir. Ona görə ilk rəqibləri hər 4 klubumuz keçməlidi".
